
Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi kolonlar artıq üç gündür ki, Suriyaya daxil olub. Bu bölgədə uzun müddət xidmət göstərən Türkiyə Silahlı Qüvvələri Suriya ilə əldə edilən saziş çərçivəsində öz mövqeyini qoruyur.
Türk mətbuatı ordunun üç istiqamətdən - Afrin, Ras əl-Ayn və Hələbin şimalından Suriyaya daxil olması barədə məlumat vermişdi. Qardaş ölkənin ordusunun birdən–birə bu əməliyyatı keçirməsini zəruri edən nə oldu?, - sualı ilə politoloq Bakir Həsənbəyliyə müraciət etdik.
Politoloq bildirdi ki, bir neçə ay öncə Türkiyə dövləti ilə PKK terror qruplaşması arasında qruplaşmanın özünü buraxması və silahları təhvil vermələri haqqında razılıq əldə olunmuşdu. Təəssüf ki, terror qruplaşması vədinə tam mənasında əməl etmədi. Əslində bu hadisə gözlənilən idi. Çünki PKK və onun müxtəlif ölkələrdə, ayrı – ayrı adlar altında fəaliyyət göstərən qrupları vahid idarəçilik prinsipinə sahib deyillər.
Hətta Suriya Demokratik qüvvələri adı altında fəaliyyət göstərən terror qruplaşmasının bu ölkənin keçid hökuməti ilə imzaldığı müqavilə belə su üzərinə yazılmış yazıya bənzəyir. Çünki qruplaşmalar nə qədər iddia etsələr ki, müstəqildirlər əslində isə bu belə deyil. Bu qrupların hər biri regionda marağı olan dövlətlərin xüsusi xidmət orqanları tərəfindən idarə olunur. Pul, silah və s. təminatlar da, həmin xüsusi xidmət orqanları tərəfindən təmin edilir.
Təsadüfi deyil ki, SDQ-nin illərlə ayaqda qalması üçün ABŞ bu terror qruplaşmasını özünün müttəfiqi hesab edərək milyardlarla dollar dəyərində silah, sursat verib. Türk mənbələrinin hesablamalarına görə ötən müddət ərzində hətta 9 milyarda qədər “yardım” edilib. Bundan başqa Türkiyənin Yaxın Şərqdə mövqelərinin möhkəmlənməsi regionda marağı olan dövlətləri olduqca narahat edir. Belə dövlətlərdən biri də, İsraildir. İsrail Əsəd rejimi ilə razılaşmasa da, lakin əş-Şara hökümətindən fərqli olaraq regiona indiki qədər nüfuz etməyə cəhd etmirdi. Əslində belə bir cəhdə ehtiyac da yox idi.
Çünki bu coğrafiyada zatən davamlı olaraq döyüş gedirdi. Suriya 13 il bəzi dövlətlərin poliqonu oldu. Lakin əş-Şara Əsəddən fərqli olaraq ölkəsinin müstəqil, suveren dövlət olmasını istəyir. Bu isə illərlə bu coğrafiyada olan qüvvələrin marağlarına cavab vermir. Əvvəla nəzarətsiz Suriya bölgədəki digər dövlətlərə daxilə nüfuz imkanları yaradırdı. Bu isə qanunla qadağan olunmuş narkotika, silah, neft, insan alveri üçün ən münbit bölgə hesab olunurdu. Türkiyənin müdaxiləsi nəticəsində qara bazardan gələn milyardların gəlişi stoplandı.
Sözsüz ki, bu hadisə həmin qüvvələrin narahatlığına səbəb oldu. Və yenidən Suriyanın poliqona çevrilməsi üçün hərəkətlənmələr başladı. Amma Türkiyə bu dövlətin bir daha əvvəlki Suriya olmayacağı ilə bağlı qərarlıdır. Bu həm də Türkiyənin özünün təhlükəsizliyi üçün olduqca vacib amildir. Türk ordusunun bölgəyə daxil olmasının əsasını da bu təşkil edir.
Cavid