Cənubi Qafqaz artıq köhnə imperiya reflekslərinin işlədiyi məkan deyil Gündəm

Cənubi Qafqaz artıq köhnə imperiya reflekslərinin işlədiyi məkan deyil

Moskvanın fəaliyyət məntiqi göstərir ki, Ermənistan üzərində təsir imkanları tam itirildiyi təqdirdə, Kreml daha radikal ssenariləri də istisna etmir. Hakimiyyət dəyişikliyi, hətta konstitusion quruluşun pozulması bahasına belə, Rusiyaya bağlı qüvvələrin önə çəkilməsi Kremlin regional strategiyasında artıq ehtimal edilən variantdır. Odur ki, Rusiyaya bağlı siyasi müxalifət, radikal qruplar və kilsə strukturlarının son aylarda fəallaşması təsadüfi deyil.

Bunu xalqcebhesi.az-a siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

Onun fikrincə, bu qüvvələr ictimai narazılığı süni şəkildə artırmaq, küçə etirazlarını genişləndirmək və hakimiyyəti zəiflətmək üçün koordinasiyalı şəkildə hərəkət edir. Məqsəd Ermənistanda idarəolunmaz vəziyyət yaratmaqla “xilasçı” obrazı altında Moskvaya bağlı və loyal qüvvələri yenidən hakimiyyətə gətirməkdir:

"Postsovet məkanında oxşar presedentlərin mövcudluğu bu ehtimalları gücləndirir.

Bu proseslər fonunda Azərbaycanın mövqeyi prinsipial və dəyişməzdir. Bakı Cənubi Qafqazda davamlı sülhün, suverenliyə hörmətin və regional əməkdaşlığın tərəfdarıdır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, regionun gələcəyi kənar güclərin təzyiq və manipulyasiyaları üzərində deyil, birbaşa regional aktorların siyasi iradəsi əsasında qurulmalıdır.
Kremlin Cənubi Qafqaza yenidən qayıtmaq cəhdi Ermənistan üzərindən həyata keçirilən təhlükəli və destabilizasiyaedici strategiya ilə müşayiət olunur. Diplomatik təzyiq, iqtisadi şantaj, daxili siyasi sabotaj, xaos, vətəndaş qarşıdurmaları və çevriliş ssenariləri Moskvanın alətlər qutusunda yer alır. Lakin dəyişən regional və qlobal şərtlər fonunda bu cəhdlərin uğur qazanması getdikcə daha da çətinləşir. Cənubi Qafqaz artıq köhnə imperiya reflekslərinin işlədiyi məkan deyil".

Cavid