19:29
469
“NATO Baş katibinin son bəyanatları iki mühüm məqamı açıq şəkildə əks etdirir. Onun sözlərinə görə, birinci məsələ münaqişədən sonra Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin formal deyil, real və “dişli”, yəni çəkindirici gücə malik olması zərurətidir. İkinci mühüm məqam isə Rusiyanın mümkün təkrar hücumunun “dağıdıcı cavab”la qarşılanacağına dair açıq xəbərdarlıqdır”.
Bu fikirləri “xalqcebhesi.az”a açıqlamasl zamanı Millət vəkili Naqif Həmzəyev deyib.
Deputat qeyd edib ki, əgər söhbət Ukraynanın NATO üzvlüyündən gedirsə, Alyansın 5-ci maddəsi ən güclü çəkindirmə mexanizmi hesab olunur: “Lakin mövcud geosiyasi reallıqlar fonunda Ukraynanın qısa müddətdə NATO-ya üzv olması real görünmür. Bu səbəbdən alternativ mexanizmlər – silah tədarükü, birgə hərbi təlim və məşqlər, qoşun yerləşdirilməsi – gündəmə gəlir ki, bunlar da NATO üzvlüyü ilə müqayisədə daha zəif təhlükəsizlik zəmanətləri yaradır.Rusiyanı real şəkildə çəkindirmək üçün yalnız siyasi bəyanatlar və kağız üzərində öhdəliklər kifayət deyil: “Burada əsas məsələ real hərbi və iqtisadi güc tətbiq etməyə hazır olma iradəsidir. Avropa ölkələrinin və ABŞ-ın bu qətiyyəti nümayiş etdirməsi həlledici əhəmiyyət daşıyır. Moskva potensial hərbi əməliyyatın qiymətini nə qədər yüksək hesablayarsa, çəkindirmə mexanizmi də bir o qədər effektiv olar. Prosesdə bir sıra ciddi çətinliklər mövcuddur. Tarix göstərir ki, üçüncü ölkələrə verilən təhlükəsizlik zəmanətləri hər zaman etibarlı olmayıb. 1994-cü il Budapeşt Memorandumu bunun bariz nümunəsidir. Eyni zamanda, Qərbin vahid və qətiyyətli mövqeyi ilə bağlı suallar qalmaqdadır, xüsusən də ABŞ-da baş verən siyasi dəyişikliklər kontekstində. Bundan əlavə, Rusiyanın mövcud şəraitdə diplomatik razılaşmalara nə dərəcədə hörmət edəcəyi də ciddi qeyri-müəyyənlik yaradır”.
N.Həmzəyevin sözlərinə görə, NATO Baş katibinin – Mark Ruttenin bəyanatları həm real siyasi məqsəd, həm də mesaj xarakteri daşıyır: “Lakin real çəkindirmə effekti konkret mexanizmlərdən, tərəfdaşların uzunmüddətli öhdəliklərindən və onların tətbiqinə hazır olma iradəsindən asılı olacaq. Hazırda bu amillərin hamısı formalaşma mərhələsindədir və yekun nəticə münaqişənin necə başa çatacağından, həmçinin Ukrayna üçün hansı təhlükəsizlik arxitekturasının qurulacağından asılı olacaq”.
Günel Elxan