“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu" Gündəm

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu"

Ermənistan-Azərbaycan münaqişəsində beynəlxalq təşkilatların rolu, demək olar ki, bütün dönəmlərdə ikili standartlar və siyasi maraqlar üzərindən qurulmuş, amma, Azərbaycanın realist strategiyası qarşısında öz niyyətlərinə nail ola bilmədilər.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin, münaqişə ilə bağlı səsləndirdiyi fikirlər, heç şübhəsiz ki 1990-2000-ci illərdə Qarabağ münaqişəsinin beynəlxalq müstəvidə necə idarə edildiyinə dair fundamental siyasi baxış olaraq, xüsusilə də ATƏT-in Minsk qrupunun fəaliyyətinə dair verilən qiymət olaraq dəyərləndirmək olar. ATƏT-in Minsk qrupu (ABŞ, Fransa, Rusiya) formal olaraq vasitəçi, praktikada isə status-kvonun qoruyucusu rolunu oynadı. Əslində ikili standartlar çərçivəsində həyata keçirilən bu siyasət, müasir dövrün paradoksu olaraq indi də tətbiq olunur. Ermənistanın həyata keçirdiyi işğal faktı beynəlxalq təşkilatlar tərəfindən, xüsusilə də BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul edilərək tanınmasına rəğmən, Ermənistanı qəbul edilmiş qətnamələrə əməl edilməsinə məcbur edən mexanizm, heç bir halda tətbiq edilmədi" - politoloq deyib.

Onun fikrincə, bütün hallarda və dövrlərdə Ermənistan qınanma əvəzinə, təzyiq mexanizmi tətbiq olunması lazım olduğu halda, əksinə himayə olunurdu və müdafiə edilirdi. Əslində baş verənləri beynəlxalq hüququn əsil siması və bariz nümunəsi olaraq qeyd etmək lazımdır.

Beynəlxalq aktyorlar üçün bu vəziyyət idarə olunan sabitlik olaraq qələmə verilsə də, əslində isə ədalətin ortadan qaldırılmasına təşəbbüs idi. Azərbaycan torpaqlarının işğalçı Ermənistan tərəfindən işğalda saxlanması, beynəlxalq aktyorlar tərəfindən problem olaraq dəyərləndirilir, amma, Azərbaycan öz torpaqlarını azad etmək üçün güc tətbiqindən istifadə edəcəyini bildirdiyi zaman, bunu təhlükə olaraq qiymətləndirən və yanaşan Qərb və həmsədr ölkələr, sonda Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldular.

Torpaqları işğalda qalan Azərbaycanı səbrli olmağı tövsiyə edən Avropa təfəkkürü, Azərbaycanı fakt qarşısında təslim olmağa min bir cəhdlə çalışır və Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanı mövcud durumu qəbul etməyə məcbur etmək cəhdləri edirdi.

Cavid