“Ermənistanın viran qoyduğu torpaqlarda Azərbaycan bu gün yenidən həyat qurur” Gündəm

“Ermənistanın viran qoyduğu torpaqlarda Azərbaycan bu gün yenidən həyat qurur”

“Möhtərəm Cənab Prezident İlham Əliyevin dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışı zamanı səsləndirdiyi fikirlər Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü talançılıq və məhvetmə siyasətinin mahiyyətini bir daha ortaya qoydu. Cənab Prezidentin vurğuladığı kimi, işğal dövründə Ağdam urbisidə məruz qalıb. Bu, Ermənistanın Azərbaycan xalqına qarşı sistemli nifrət siyasətinin, planlı düşmənçiliyinin bariz nümunəsidir. İşğalın əsas məqsədi torpaqlarda Azərbaycan xalqının tarixi, mədəni və mənəvi izlərini tamamilə silmək, bölgəni yaşayışın mümkün olmayacağı əraziyə çevirmək olub. 2020-ci ildən sonra işğaldan azad edilmiş ərazilərdə nümayiş etdirilən kadrlar, dağıdılmış şəhər və kəndlərin mənzərəsi bu vandalizm siyasətinin danılmaz sübutudur”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasımda Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı söyləyib.

G.Ağamalı deyib ki, Ağdam başda olmaqla işğal altında saxlanılan bütün ərazilərdə mədəni irsimizin məqsədli şəkildə məhv edilməsi, məscidlərin və müqəddəs məkanların vandalizmə məruz qalması Ermənistanın soyqırım siyasətinin tərkib hissəsi idi: “Tarixi abidələrin, qəbiristanlıqların dağıdılması Azərbaycan xalqına və ümumbəşəri dəyərlərə qarşı yönəlmiş ağır cinayətdir. Ermənistan işğal etdiyi ərazilərdə tikililəri sökərək bütün əmlakı Ermənistana və üçüncü ölkələrə daşıyıb. Azərbaycanın təbii sərvətləri, meşələr, qızıl və digər faydalı qazıntı yataqları, mineral ehtiyatlar qeyri-qanuni şəkildə talan edilib. Bəzi Qərb şirkətləri bu qanunsuz fəaliyyətlərdə iştirak etmiş, Azərbaycanın milli sərvətlərinin talanmasına şərik olmuş, lakin bu günədək onların heç biri beynəlxalq hüquq qarşısında məsuliyyətə cəlb edilməmişdir”.

Deputat bildirib ki, bunları sübut edəcək kifayət qədər məlumatlar və faktlar mövcuddur: “Heç kimə sirr deyil ki, işğaldan sonra Ermənistanın mebel sənayesi məhz Qarabağın zəngin meşə fondu sayəsində uzun müddət böyük həcmdə mebel ixracı həyata keçirmişdir. Həmin məhsullar Avropanın aparıcı ölkələrinə olduqca baha qiymətə satılmış və qazanılan vəsaitlər işğalı, talançılığı davam etdirməyə zəmin yaratmışdır. Bundan əlavə, Qarabağın zəngin yeraltı sərvətləri, xüsusilə, qızıl mədənləri ermənilər tərəfindən heç bir normaya əsaslanmadan talan edilərək yenə də, Avropa bazarlarında bahalı zinət əşyaları, xüsusilə, brend saatlarda istifadə olunaraq geniş dövriyyə formalaşdırılmışdır. Bütün bunlar öz təsdiqini tapmış faktlardır”.

O həmçinin qeyd edib ki, Ermənistanın ən ağır və bağışlanmaz cinayətlərindən biri də gələcəkdə bu torpaqlarda azərbaycanlıların yaşamasını əngəlləmək məqsədilə ərazilərin kütləvi şəkildə minalanmasıdır: “İşğaldan sonra mina partlayışları nəticəsində həlak olan və sağlamlığını itirən soydaşlarımız barbarlığın qurbanı oldular. Eyni zamanda, məhz mina çirklənməsi köç prossesinə əngəl törədən məqamlardandır. Bu əngəli aradan qaldırmaq üçün dövlət büdcəmizdən hər il milyonlarla vəsait sərf edilir. Halbuki, həmin məbləği infrastruktur layihələrinə cəlb edə bilərdik. Bütün bunlara baxmayaraq ağır günləri geridə qoyan Ağdamda bu gün yeni yaşayış komplekslərinin açılması, həyatın geri qayıtması, Böyük Qayıdış prosesinin ardıcıl və qətiyyətlə həyata keçirilməsi Azərbaycan dövlətinin gücünün, siyasi iradəsinin və tarixi ədalətin təntənəsinin rəmzidir. Ermənistanın viran qoyduğu torpaqlarda Azərbaycan bu gün yenidən həyat qurur, dirçəldir və gələcək yaradır. Bu reallıq dəyişməzdir və bütün dünyaya verilən açıq mesajdır”.

Röya İsrafilova