Şimali Kipr Baş naziri: TDT görüşlərinə ev sahibliyi etməyə hazırıq Dünya

Şimali Kipr Baş naziri: TDT görüşlərinə ev sahibliyi etməyə hazırıq

“Türk dünyası üzrə ortaq turizm marşrutları layihəsinə Şimali Kipr daxil edilsin”.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinin Baş nazirlərinin Bakı görüşündə Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel deyib.

O bildirib ki, bölgədəki münaqişələrin sona çatması üçün TDT-nin yaradacağı sabitlik və etimad mühitinə hər zamankından daha çox ehtiyac var: “Kipr məsələsində isə yeganə real həll yolu suveren və bərabər beynəlxalq statusun tanınmasıdır. İki ayrı dövlət reallığı qəbul edilmədən atılan addımlar bölgədəki qeyri-sabitliyi daha da artıracaq”.

Baş nazir bununla yanaşı, Şimali Kiprin Türk Dövlətləri Təşkilatının bütün tədbir və layihələrində fəal iştirakını və bu əməkdaşlığa töhfə verməyə davam edəcəyini vurğulayıb: “Ölkəmiz təşkilat çərçivəsində keçirilən nazirlər və eyni zamanda işçi qruplar səviyyəsində görüşlərə ev sahibliyi etməyə hazırdır”.

O qeyd edib ki, Şimali Kipr “Müasir İpək Yolu”nun dənizlərdəki dayanacağı kimi Türk dövlətlərindən gələn turistlərə açıqdır. Türk dünyasının iqtisadi rifahının davamlı olması üçün enerji təhlükəsizliyi, “Mavi Vətən” strategiyası, turizm, texnologiya və təhsil kimi sahələr prioritet istiqamətlərdir. Şərqi Aralıq dənizindəki karbohidrat ehtiyatları Türk dünyası üçün strateji əhəmiyyət daşıyır. Türkiyə ilə birlikdə həyata keçirilən siyasət enerji dəhlizlərinin təhlükəsizliyini təmin edir”.