“Netanyahu atəşkəsi uzatmaqla daxili siyasi balansı qorumağa çalışır” Gündəm

“Netanyahu atəşkəsi uzatmaqla daxili siyasi balansı qorumağa çalışır”

“Netanyahu və Tramp görüşü regional və qlobal təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır və bir neçə istiqamətdə ciddi siyasi mesajlar ehtiva edir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu söyləyib.

O qeyd edib ki, ilk növbədə, Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinə keçid məsələsi İsrail üçün hərbi-siyasi manevr imkanlarını qorumaq, ABŞ üçün isə Yaxın Şərqdə gərginliyi idarəolunan səviyyədə saxlamaq məqsədi güdür: “Trampın bu məsələdə mövqeyi seçkiöncəsi dövrdə ABŞ-nin regionda “sabitləşdirici güc” imicini gücləndirməyə hesablanıb. Netanyahu isə atəşkəsi uzatmaqla həm beynəlxalq təzyiqləri azaltmaq, həm də daxili siyasi balansı qorumağa çalışır”.

E.Telmanoğlu deyib ki, Türkiyənin mümkün beynəlxalq sabitləşdirmə qüvvələrində iştirakı mövzusu isə daha həssasdır: “Bu, Ankaranın Qəzza sonrası dövrdə regional rolunun artması deməkdir. İsrail üçün Türkiyənin prosesdə iştirakı riskli görünsə də, ABŞ baxımından NATO üzvü olan Türkiyənin bölgədə rol alması legitimlik və nəzarət baxımından məqbul variant kimi dəyərləndirilə bilər. Bu məsələ ətrafında razılaşma əldə olunarsa, Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının formalaşmasına yol aça bilər”.

Röya İsrafilova