“Həlledici mərhələnin yaxınlaşdığı qətiyyən şübhə doğurmur” Gündəm

“Həlledici mərhələnin yaxınlaşdığı qətiyyən şübhə doğurmur”

“Netanyahu və Trampın növbəti görüşü Yaxın Şərqdə bir çox məsələlərə aydınlıq gətirə bilər. Tramp Yaxın Şərqdə İsrailin xeyirinə də olsa sabitliyin olmasında maraqlı olduğunu qətiyyən gizlətmir. Ancaq situasiya o qədər gərgindir ki, belə bir sabitliyə nail olmaq o qədər də asan görünmür. Üstəlik, Netanyahu İranla bağlı məsələni yenidən gündəmə gətirmək niyyətində olduğunu bildirir. Hətta ehtimal olunur ki, Qərb mətbuatının verdiyi məlumata görə, Netanyahu İrana növbəti zərbələrlə bağlı da məsələni müzakirə etmək niyyətindədir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli söyləyib.

E.Xalidbəyli əlavə edib ki, belə bir zərbə endirilərsə, o zaman Yaxın Şərqdə situasiya indikindən daha gərgin, hətta partlayış həddinə çata bilər və ümumi hərbi siyasi proseslər daha geniş areala yayıla bilər: “Bu da o deməkdir ki, Tramp indi çox prinsipial, həm də taleyüklü mövqe bildirmək məcburiyyətindədir. Əgər Netanyahunun istəklərinə pozitiv yanaşarsa, bu, o deməkdir ki, Yaxın Şərq yenidən qaynar nöqtə, qaynar region statusunu bərpa etmiş olacaq. Yox, əgər sülhə və ya növbəti savaşı bloklamaq mövqeyinə yaxın mövqe tutarsa, o zaman ABŞ və Netanyahu arasında münasibətlərdə müəyyən problemlər yarana bilər. Bu da onu göstərir ki, indi ABŞ Prezidenti Trampın verəcəyi qərarlar olduqca böyük əhəmiyyət daşıyır. Həm İsrail, həm də bütövlükdə Yaxın Şərq üçün həlledici bir mərhələninn yaxınlaşdığı qətiyyən şübhə doğurmur”.

Röya İsrafilova