6 Yanvar 12:49
2 506
“Yanvarın 5-də Prezident İlham Əliyevin 3 saat ərzində yerli televiziya kanallarına verdiyi müsahibə ölkəmizin daxili, beynəlxalq, iqtisadi və sosial siyasəti, həm də idarəetmənin effektivliyi ilə bağlı bir çox məsələləri əhatə etməklə çox geniş və məzmunludur. 8 avqust Vaşinqton görüşü, Azərbaycan-ABŞ münasibətlərinin inkişafında yeni mərhələ olması və 907-ci düzəlişin ləğv edilməsi ilə bağlı səsləndirilən fikirlər həm də Azərbaycanın ədalətli mövqeyinin dünya tərəfindən qəbul edilməsinin göstəricisidir. Dövlət başçısının həm də yola saldığımız ildə beynəlxalq siyasətdə imza atılan uğurlardan danışaraq Azərbaycan-Çin münasibətlərində yaranmış yeni mərhələni yüksək dəyərləndirərək ölkəmizin D-8-ə və C-5 üzv seçilməsi, Xankəndidə ECO və Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantılarının keçirilməsini qeyd etməsi ölkəmizin beynəlxalq səviyyədə artan nüfuzunun təsdiqidir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov söyləyib.
A.Badamov bildirib ki, təhlükəsizlik məsələlərinə toxunan dövlət başçımız Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasının heç də yenidən müharibə etmək niyyətimizlə bağlı olmadığını bildirdi: “Əlbəttə, dayanıqlı sülhə nail olmağımız üçün ordumuz daha güclü olmalıdır. Həm də TDT ilə birgə hərbi təlimlərin keçirlməsinə təşəbbüsümüz heç də hərbi blokun yaradılması anlamı deyil. Sadəcə olaraq TDT bizim ailəmiz olduğuna görə bütün türkdilli dövlətlərin ordularının güclü olması təhlükəsizliyimizin təminatçısı ola bilər. Dünyada güclü ölkələrə hörmət edilir. Bu baxımdan dövlət başçımızın çağırışı türk dünyasının təhlükəsizliyinə ünvanlanıb”.
Deputat əlavə edib ki, Zəngəzur dəhlizinin əhəmiyyətindən danışan dövlət başçısı bu dəhlizin Şimal-Cənub və Cənub-Qərb marşrutları üzrə daşımalarda yeni səhifə açacağını bildirdi: “TRİPP layihəsinin icrası Azərbaycanı Naxçıvanla birləşdirməklə yanaşı, dəmir yollarımızın Fars körfəzinə qədər uzanmasına gətirib çıxaracaq. Bu da böyük coğrafiyalar arasında daşımaların həyata keçirilməsində rolumuzu artıracaq. Bu, həm də gələcəkdə marşrutların genişləndirməsini qaçılmaz edəcək”.
Röya İsrafilova