“Kərə yağı bahalaşır” Gündəm

“Kərə yağı bahalaşır”

“Kərə yağının idxalında tətbiq olunan güzəştli 5%-lik rüsumun dövrünün başa çatması və 1 yanvardan etibarən bu rüsumun 15%-ə yüksəldilməsi məhsulun pərakəndə satış qiymətlərinə birbaşa təsir edəcək”.

Bu barədə iqtisadçı ekspert Xalid Kərimli Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.

Ekspert vurğulayıb ki, sahibkarlar gömrükdən kərə yağını keçirərkən əlavə olaraq hər kiloqram üçün təqribən 1 manat – 1 manat 30 qəpik artıq vəsait ödəyəcəklər. Nəticədə, satış qiymətinə əlavə olaraq təqribən 1 manat 50 qəpik – 2 manat civarında artım düşəcək:

“Burada yalnız idxal rüsumu deyil, həmçinin maya dəyərindən yaranan digər xərclər də məhsulun qiymətinə təsir göstərir. İdxal rüsumu və əlavə dəyər vergisi kimi dolayı vergilər son istehlak qiymətlərini artıran əsas amillərdir”.

Xalid Kərimli əlavə edib ki, bu artım istehlakçılar üçün əlavə maliyyə yükü yaradacaq və kərə yağının qiymətindəki bahalaşma qaçılmazdır:

“Idxal rüsumunun artırılması son nəticədə pərakəndə satış qiymətlərinə yansıyacaq. İstehlakçılar bunun təsirini dərhal hiss edəcəklər”.

Günel Elxan