Qafqazda tarixi proses: sülh sazişi ilə bağlı yeni dövr
14 Yanvar 23:55

Rusiya-Ukrayna müharibəsi artıq uzun müddətdir davam edir. ABŞ müharibəni bitirmək üçün müxtəlif səylər göstərir. Bu çərçivədə ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Ukrayna ilə minerallar və gəlirlər üzrə razılaşmanın Rusiya-Ukrayna müharibəsini “bitirmək” məqsədini daşıdığını qeyd edib.
Sözügedən razılaşma müharibəni bitirə bilər?
Sual ətrafında politoloqlar “Xalq Cəbhəsi”nə danışıblar.
“Burada Rusiyanın da marağı olmalıdır”
Politoloq Oqtay Qasımov bildirib ki, ABŞ ilə Ukrayna arasında nadir torpaq elementlərinin istismarı və gəlirlər üzrə anlaşma əldə edilməsi, əlbət ki, ABŞ-nin bu prosesdə daha aktiv iştirakı üçün müəyyən stimul ola bilər: “Amma nəzərə almaq lazımdır ki, Ukraynada savaşın bitməsi yalnız ABŞ və Ukrayna tərəfindən asılı deyil. Burada Rusiyanın da marağı olmalıdır. Bu baxımdan əsas maneə məhz Rusiyanın işğal siyasətini və savaşı davam etdirmək cəhdləridir. Əlbəttə, ABŞ, Donald Tramp Rusiyaya daha ciddi təzyiqlər edərsə, o zaman savaşın dayanma ehtimalı daha yüksək ola bilər. Əks halda, bu proses davam edəcək”.
“Savaşın bitmə ehtimalı real görünmür”
Politoloq əlavə edib ki, eyni zamanda, nəzərə almaq lazımdır ki, Rusiya-Ukrayna savaşı yalnız iki tərəf arasında deyil, həm də qlobal güclərin, yəni ABŞ-nin və Çinin də mövqeyindən ciddi şəkildə asılıdır: “O baxımdan yaxın dövr üçün bu savaşın bitmə ehtimalı real görünmür. Ən azı bu savaşın bitməsi üçün aylarla vaxta ehtiyacı olduğu düşünülür. Reallıq da belədir. Çünki bir daha qeyd edirəm ki, Rusiyanın savaşı dayandırması üçün həm ABŞ, həm də Çin tərəfindən təzyiqlərin artırılması vacibdir”.
“Bu, müharibənin taleyini birbaşa dəyişdirəcək mexanizm deyil”
Politoloq Tural İsmayılov söyləyib ki, ABŞ-Ukrayna mineral razılaşması müharibənin taleyini birbaşa dəyişdirəcək mexanizm deyil: “Bu, daha çox iqtisadi və geosiyasi alət kimi görünür. ABŞ-nin Ukraynanın nadir torpaq elementləri və strateji minerallarına marağı həm Ukraynanın iqtisadi dayanıqlığını gücləndirmək, həm də Qərbin texnoloji üstünlüyünü qorumaq məqsədi daşıyır. Trampın bunu “müharibəni bitirmək” vasitəsi kimi təqdim etməsi isə siyasi ritorikadır: iqtisadi razılaşma münaqişənin əsas səbəbi olan Rusiyanın işğal siyasətini aradan qaldırmır”.
“Avropa İttifaqı üçün bu razılaşma ikili məna daşıyır”
T.İsmayılov deyib ki, razılaşma Ukraynaya maliyyə resursu qazandıraraq müharibəni davam etdirmək gücünü artıra bilər, ABŞ-nin dəstəyini davam etdirmək üçün motivasiya yarada bilər, lakin bu, Moskvanın strateji hədəflərini dəyişdirmir: “Əksinə, Rusiyanın gözündə Qərbin Ukrayna resurslarını “ələ keçirməsi” iddiasını gücləndirə bilər və Kremlin daxili təbliğatına əlavə material verər. Avropa İttifaqı üçün bu razılaşma ikili məna daşıyır: bir tərəfdən Ukraynanın iqtisadi güclənməsi müsbət görünür, digər tərəfdən ABŞ-nin mineral maraqları Avropanın enerji və texnologiya siyasəti ilə toqquşa bilər. Bu isə transatlantik həmrəyliyi zəiflətmək riskini daşıyır”.
“Mineral razılaşması müharibəni bitirmək üçün kifayət deyil”
Onun sözlərinə görə, nəticə etibarilə, mineral razılaşması müharibəni bitirmək üçün kifayət deyil: “O, yalnız Ukraynanın iqtisadi gücünü artırmaq və ABŞ-nin maraqlarını təmin etmək vasitəsidir. Müharibənin sonu isə yalnız təhlükəsizlik zəmanətləri, ərazi məsələlərinin həlli və Rusiyanın işğal siyasətindən imtinası ilə mümkündür”.
Röya İsrafilova