Kərə yağı bahalaşır: “bazar dinamikası buna uyğun formalaşacaq” Gündəm

Kərə yağı bahalaşır: “bazar dinamikası buna uyğun formalaşacaq”

Yanvarın 1-dən etibarən kərə yağının idxal rüsumu 5%-dən 15%-ə qaldırılıb. Bu dəyişiklik ölkədə satış qiymətlərinə və istehlakçı xərclərinə birbaşa təsir göstərəcək. Hazırda marketlərdə qiymət artımı elə də nəzərə çarpmasa da, ekspertlərin hesablamalarına görə, orta statistik 4 nəfərlik ailələr üçün illik əlavə xərclər 50-80 manat civarında olacaq. Bu, adambaşına düşən xərclərin təxminən 10%-lik artımı deməkdir.

Bazarda alıcıların seçimində əsasən Yeni Zelandiya və yerli istehsal kərə yağları üstünlük təşkil edir. İdxal rüsumunun yüksəlməsi idxal məhsullarının qiymətini artıracaq, lakin yerli istehsal daha sərfəli qalaraq bazardakı payını qoruyacaq. Bu isə alıcıları qiymətə daha həssas etməklə yerli məhsullara yönəlməyə stimullaşdıracaq. 2026-cı il üçün proqnozlar göstərir ki, rüsum artımı nəticəsində kərə yağının qiyməti orta hesabla 15-17% bahalaşa bilər, bu isə həm ailə büdcələrinə əlavə yük, həm də bazar dinamikasında idxal və yerli məhsullar arasındakı qiymət fərqlərinin daha aydın görünməsi ilə nəticələnəcək.

“Kərə yağında qiymət təzyiqi”

İqtisadçı ekspert Akif Nəsirli “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, kərə yağının idxal rüsumunun 5%-dən 15%-ə qaldırılması ölkədə satış qiymətləri və istehlakçı xərclərinə müəyyən təzyiq göstərəcək: “Hazırda marketlərdə kərə yağının qiymətində ciddi artım müşahidə olunmasa da, rüsumun tətbiqi orta statistik 4 nəfərlik ailə üçün il ərzində 50-80 manat əlavə xərclə nəticələnəcək. Bu, adambaşına düşən xərclərin təxminən 10%-lik artımına bərabərdir. Bazarda alıcıların seçimində Yeni Zelandiya və yerli istehsal kərə yağları üstünlük təşkil edir. Rüsumun artımı idxal məhsullarının qiymətini bir qədər yüksəldə bilər, lakin yerli istehsal məhsulları daha sərfəli qalaraq bazarda payını qorumağa davam edəcək. Bu isə alıcıların seçimində yerli məhsullara yönəlməsini stimullaşdıracaq. 2026-cı ildə rüsum artımı nəticəsində kərə yağının qiyməti orta hesabla 15-17% bahalaşa bilər. Bu, həm ailələrin büdcəsində əlavə yük, həm də bazarda idxal və yerli məhsullar arasındakı qiymət fərqlərinin daha aydın görünməsi deməkdir. Eyni zamanda, idxal məhsullarına olan tələb nisbətən azalacaq, yerli istehsal isə üstünlük qazanacaq. Nəticədə alıcılar qiymətə daha həssas olacaq və bazar dinamikası buna uyğun formalaşacaq”.

“İstehlakçılar bunun təsirini dərhal hiss edəcəklər”

İqtisadçı ekspert Xalid Kərimli isə bizimlə söhbətində bildirib kKərə yağının idxalında tətbiq olunan güzəştli 5%-lik rüsumun dövrünün başa çatması və 1 yanvardan etibarən bu rüsumun 15%-ə yüksəldilməsi məhsulun pərakəndə satış qiymətlərinə birbaşa təsir edəcək”,-deyə bildirib.

Ekspert vurğulayıb ki, sahibkarlar gömrükdən kərə yağını keçirərkən əlavə olaraq hər kiloqram üçün təqribən 1 manat – 1 manat 30 qəpik artıq vəsait ödəyəcəklər. Nəticədə, satış qiymətinə əlavə olaraq təqribən 1 manat 50 qəpik – 2 manat civarında artım düşəcək: “Burada yalnız idxal rüsumu deyil, həmçinin maya dəyərindən yaranan digər xərclər də məhsulun qiymətinə təsir göstərir. İdxal rüsumu və əlavə dəyər vergisi kimi dolayı vergilər son istehlak qiymətlərini artıran əsas amillərdir”.

Xalid Kərimli əlavə edib ki, bu artım istehlakçılar üçün əlavə maliyyə yükü yaradacaq və kərə yağının qiymətindəki bahalaşma qaçılmazdır: “Idxal rüsumunun artırılması son nəticədə pərakəndə satış qiymətlərinə yansıyacaq. İstehlakçılar bunun təsirini dərhal hiss edəcəklər”.

Günel Elxan