YPG-nin aqibəti: hökumətlə əməkdaşlığa doğru Gündəm

YPG-nin aqibəti: hökumətlə əməkdaşlığa doğru

Suriya şimal-şərqində baş verən son döyüşlərdən sonra YPG və Suriya hökumət qüvvələri arasında əməkdaşlıq perspektivi gündəmə gəlib. Həsəkə və Qamışlı istiqamətlərində formalaşan cəbhə xətti və tərəflər arasında aparılan danışıqlar regionda atəşkəsin möhkəmlənməsi və uzunmüddətli sabitliyin təmin olunmasına hesablanmış strateji addım kimi qiymətləndirilir.

ABŞ və İsraildən gözlənilən hərbi-siyasi dəstəyin azalması YPG-nin alternativlərini məhdudlaşdırıb və qruplaşmaları hökumətlə əməkdaşlığa meylləndirib. Bu proses hökumətin nəzarət etdiyi ərazilərdə təhlükəsizliyin gücləndirilməsinə, silahlı qarşıdurmaların azalmasına və idarəetmədə koordinasiyanın təmin olunmasına imkan yaradır.

Razılaşma YPG-nin yerli idarəetmə strukturlarının hökumət sisteminə mərhələli inteqrasiyasını nəzərdə tutur ki, bu da şimal-şərq bölgələrində dövlət nəzarətini möhkəmləndirir və uzunmüddətli stabillik üçün zəmin yaradır.

“Atəşkəs və stabillik mərhələsi”

Hərbi ekspert Səxavət Məmmədov “Xalq Cəbhəsi”nə açıqlamasında deyib ki, Suriya hökumət qüvvələri ilə YPG arasında baş verən son döyüşlər əsasən Həsəkə və Qamışlı istiqamətlərində cəmləşmişdi.

Onun sözlərinə görə, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, nə Həsəkənin, nə də Qamışlının mərkəzinə doğru hökumət qüvvələrinin irəliləməsi nəzərdə tutulmurdu: “Faktiki olaraq tərəflər arasında cəbhə xətti formalaşdırılmışdı. Kürd silahlı qruplaşmaları da ehtimal edilən yeni toqquşmaları nəzərə alaraq həmin xətt boyunca müəyyən qüvvələr yerləşdirmişdilər. Paralel şəkildə tərəflər arasında danışıqlar prosesi gedirdi və bu prosesin gedişinə xarici faktorlar ciddi təsir göstərib.YPG ABŞ-dan və xüsusilə İsraildən gözlədiyi hərbi-siyasi dəstəyi ala bilmədi. ABŞ tərəfindən açıq mesajlar verildi ki, Suriyadakı kürd məsələsi artıq prioritet deyil və bu problemin tərəflərin öz daxilində həll olunması tələb olunur. Eyni zamanda silah-sursat və maliyyə yardımları da faktiki olaraq dayandırılıb. Yaranmış vəziyyət kürd qruplaşmalarını hökumətlə razılaşmaya məcbur edir.Hazırkı mərhələdə YPG üçün alternativlər xeyli məhdudlaşıb. Ona görə də bu qruplaşmalar məcburən Suriya hökumət qüvvələri ilə əməkdaşlığa getməyə razılaşa bilərlər. Bu isə ən azı hökumətin nəzarət etdiyi ərazilərdə daxili təhlükəsizliyin təmin olunmasına imkan yarada bilər”.

Hərbi ekspert əlavə edib ki, gələcək mərhələdə Suriya dövləti ordunun gücləndirilməsi və nizami ordu modelinin formalaşdırılması üçün YPG üzvlərinin bir hissəsini də silahlı qüvvələrə inteqrasiya edə bilər: “Bu, real və mümkün variantdır. Çünki YPG üzvlərinin bir qismi əvvəllər də Suriya ordusunun və digər dövlətə bağlı silahlı strukturların tərkibində döyüşüb. Düşünürəm ki, danışıqlar davam edəcək və yaxın zamanda bir sıra silahlı qruplaşmaların dövlətlə əməkdaşlığa getdiyini görəcəyik”.

“Suriya–YPG razılaşması sabitliyə xidmət edir”

Politoloq Rəşad Bayramov qeyd edib ki, Suriya hökuməti ilə YPG arasında əldə olunan atəşkəs razılaşması həm hərbi, həm də inzibati baxımdan Suriya üçün strateji əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, bu razılaşma təkcə mövcud qarşıdurmanın dayandırılmasına deyil, eyni zamanda regionda uzunmüddətli sabitliyin təmin olunmasına və hökumətin nəzarətinin bərpasına xidmət edir :“Razılaşmanın əsas hərbi komponentlərindən biri cəbhə xəttindən qüvvələrin çıxarılmasıdır ki, bu da bölgədə gərginliyin azalması və atəşkəs rejiminin möhkəmlənməsi baxımından mühüm addımdır. YPG döyüşçülərinin Suriya ordusunun strukturuna tədricən inteqrasiya olunması hökumətin hərbi nəzarət imkanlarını genişləndirir və paralel silahlı strukturların mövcudluğunu aradan qaldırmağa yönəlib.Daxili İşlər Nazirliyinin təhlükəsizlik qüvvələrinin Hasekə və Qamışlı şəhərlərinə yerləşdirilməsi inzibati baxımdan da əhəmiyyətlidir. Bu addım hüquq-mühafizə funksiyalarının mərkəzləşdirilməsinə, qanunsuz silahlı qrupların fəaliyyətinin məhdudlaşdırılmasına və bölgədə dövlət institutlarının möhkəmləndirilməsinə şərait yaradır”.

Rəşad Bayramov əlavə edib ki, razılaşma inzibati idarəetmə sahəsində də dəyişiklikləri nəzərdə tutur: “Belə ki, YPG-nin nəzarətində olan yerli idarəetmə strukturlarının mərhələli şəkildə Suriya hökumətinin sisteminə inteqrasiyası paralel idarəetmə problemini aradan qaldıra və koordinasiyalı fəaliyyətin təmin olunmasına imkan verə bilər.

Bu razılaşmanın strateji nəticələri kifayət qədər genişdir. Suriya hökuməti üçün bu proses şimal-şərq bölgələrində nəzarətin gücləndirilməsi və milli birliyin qorunması baxımından vacibdir. YPG üçün isə bu inteqrasiya silahlı qarşıdurmadan kənar fəaliyyət imkanı yaradır. Ümumilikdə isə razılaşma regionda gərginliyin azalması və uzunmüddətli stabillik üçün mühüm zəmin formalaşdırır”.

Günel Elxan