20:05
574
“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova “Xalqcebhesi.az”-a açıqlamasında son illər Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin Azərbaycan da daxil olmaqla bütün sahilyanı ölkələr üçün ciddi ekoloji və sosial-iqtisadi problemə çevrildiyini bildirib.
Onun sözlərinə görə, dənizin geri çəkilməsi nəticəsində Astara və digər sahil ərazilərində geniş miqyasda yeni qurumuş sahələr və ekosistemlər formalaşıb: “İradə Həsənova qeyd edib ki, hazırda Xəzər dənizinin ekoloji vəziyyəti olduqca gərgindir və xüsusilə şelf zonasında vəziyyət daha kəskindir. O bildirib ki, dənizin müxtəlif ərazilərində artıq ölü zonalar yaranıb və bəzi yerlərdə çirklənmənin səviyyəsi normadan 10–20 dəfə yüksəkdir”.
Birlik sədri Xəzərin çirklənməsinin əsas səbəbləri kimi dənizə axan çaylarla gələn çirkləndiriciləri, sahil zonalarından və sənaye obyektlərindən axıdılan tullantıları, dənizdə neft hasilatı ilə bağlı çirklənməni və sahilboyu su altında qalan mənbələri göstərib:
“Xəzər dənizinin səviyyəsinin azalmasının 80–90 faizi iqlim dəyişikliyi və su itkisi ilə bağlıdır. Onun sözlərinə görə, Volqa çayında suyun azalması bu prosesə təsir edən amillərdən biridir, əsas səbəb isə qlobal iqlim dəyişikliyidir. Bu faktorlar dəniz səviyyəsinin regional miqyasda geri çəkilməsinə və Astara sahillərində yeni sahələrin yaranmasına səbəb olur. Dənizin geri çəkilməsi nəticəsində yaranan yeni torpaq sahələrində ilkin mərhələdə torpağın duzluluq səviyyəsi yüksək olur və bu, bitki örtüyünün inkişafını çətinləşdirir. Uzaq perspektivdə isə bu ərazilər çölləşmə proseslərinə meyilli ola bilər.
“Xəzərin dayazlaşması çirkləndirici maddələrin konsentrasiyasını artırır, bu da qida zəncirlərinə daxil olaraq ekosistemlərə, yerli kənd təsərrüfatına və insanların içməli su mənbələrinə mənfi təsir göstərə bilər. O, həmçinin Xəzər dənizinin geri çəkilməsinin balıq ehtiyatlarının azalmasına, Xəzər suitisi və endemik növlərin yaşayış mühitinin daralmasına səbəb olduğunu qeyd edib.
Astara sahillərində Xəzər dənizinin geri çəkilməsi həm risklər, həm də imkanlar yaradır və bu proseslərin mənfi təsirini azaltmaq üçün ekoloji monitorinqin gücləndirilməsi, biomüxtəlifliyin qorunması, təbii resurslardan davamlı istifadə və regional əməkdaşlığın genişləndirilməsi vacibdir”.
Günel Elxan