20:16
560
“Türkiyə–Ermənistan münasibətlərində son illər müşahidə olunan nisbi canlanma regionda sülh və əməkdaşlıq üçün ümidverici bir prosesdir”.
Bunu deputat Müşviq Cəfərov “Xalqcebhesi.az”-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə iki ölkə arasında sərhəd 35 ildən sonra ilk dəfə humanitar məqsədlər üçün açılıb və Ermənistan bu keçid vasitəsilə Türkiyəyə humanitar yardım göndərmişdi:
“Bu addım İrəvanın çətin məqamda Türkiyə ilə həmrəylik nümayiş etdirmək niyyətini göstərirdi.Ermənistan hökuməti regionda sülhün təmin olunması, Türkiyə ilə münasibətlərin normallaşdırılması və diplomatik əlaqələrin qurulması istiqamətində hazırlıqlarını sürətlə davam etdirir.35 ildən sonra Marqara–Alican sərhəd-keçid məntəqəsinin açılması təqdirəlayiq addımdır. Xüsusilə sərhədin humanitar məqsədlər üçün açılması İrəvanın Ankara ilə münasibətləri normallaşdırmaq ümidlərini artırıb”.
Müşviq Cəfərov qeyd edib ki, son 3 ildə İrəvan Türkiyə ilə münasibətləri normallaşdırmaq və sərhədlərin açılmasını təmin etmək istiqamətində ciddi səylər göstərib:
“Azərbaycan da Türkiyə–Ermənistan münasibətlərinin normallaşmasına müsbət baxır. Qardaş ölkə olan Türkiyə bu məsələdə maksimum dərəcədə Azərbaycanın mövqeyini nəzərə alır. Bu baxımdan münasibətlərin normallaşması həm Ankara, həm də Bakının regiondakı mövqeyini gücləndirəcək. Türk şirkətlərinin Ermənistan bazarında iştirakının artması Ankaranın bu ölkədə iqtisadi varlığını möhkəmləndirəcək və Ermənistanın iqtisadiyyatına yeni nəfəs gətirəcək.Zəif və xarici ianələrdən asılı olan Ermənistan üçün türk şirkətləri həm iqtisadi, həm də siyasi sahədə önəmli təsir göstərə bilər. Ermənistanın Rusiya asılılığından xilas olaraq Qərbə inteqrasiya etməsi üçün Türkiyədən başqa alternativ yoxdur”.
Günel Elxan