
“Müasir beynəlxalq hüququn, o cümlədən BMT çərçivəsində edilən çağırışların bir çox məsələnin, ələlxüsus, 77 ildən çoxdur ki, mövcud Fələstin məsələsinin həllində həlledici olmadığını görürük. Fələstin münaqişəsinin BMT-nin yaşı qədər tarixçəsi var. Beynəlxalq hüquq sisteminin işlək olmaması münaqişələrin həllinə dair ənənəvi olmayan, yeni mexanizmlərin ortaya çıxmasına səbəb olub. Bu baxımdan yaradılan Sülh Şurası dünya siyasəti üçün tamamilə yeni bir fenomendir. Sülh Şurası Qəzzada fəaliyyət göstərəcək Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) fəaliyyətini, o cümlədən burada sülhün, təhlükəsizliyin bərpası və yenidən qurma işlərini koordinasiya etmək məqsədilə ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında təsis olunub”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə söyləyib.
Ş.Cəlilzadə qeyd edib ki, Qəzzada beynəlxalq sülhyaradıcı missiyaya həqiqətən də ehtiyac var idi, çünki 2023-cü ildən etibarən davam edən qırğınları və insanlıq böhranını sona çatdırmaq, bölgədə həyatı bərpa etmək artıq dünyanın məsuliyyətindədir: “Bu istiqamətdə çoxsaylı çağırışlar, o cümlədən ərəb-islam dünyasından da edilirdi. 2024-cü ilin mayında Ərəb Liqası, 2025-ci ilin martında İslam Əməkdaşlıq Təşkilatı Fələstində beynəlxalq sülhməramlıların yerləşdirilməsinə çağırış etmişdi. Sülh Şurası həm də bu çağırışlara bir cavab olaraq formalaşıb və bölgədə mühüm və dünya tarixi üçün yeni bir missiya ilə fəaliyyətinə başlayır. 19 fevralda Sülh Şurasının ilk iclası keçiriləcək və müəyyən vəsaitlər ayrılacaq. Həmçinin ISF qüvvələrinin də qarşıdakı yaxın dövrdə bölgəyə yerləşdirilməsi müzakirə olunur. Bu missiyanın nə dərəcədə uğurlu olacağı, ayrılacaq vəsaitlərin və sülhməramlı kontingentin quruculuq və sülh məqsədlərinə nə dərəcədə xidmət edib-etməyəcəyi qarşıdakı tarixi dövrdə məlum olacaq”.
O, Azərbaycanın daima beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verən dövlətlərdən olduğunu vurğulayaraq əlavə edib ki, ölkəmiz NATO ilə birgə Əfqanıstan, Kosovoda sabitliyin bərpası əməliyyatlarında, Türkiyə ilə birgə Suriyada quruculuq əməliyyatlarında iştirak edib və geniş təcrübə qazanıb: “Həmçinin imzalanmış Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında Azərbaycanın beynəlxalq sülhməramlı səylərə dəstəyi və bu sahədə ABŞ-la əməkdaşlığı vurğulanır. 13 oktyabr 2025-ci il tarixində Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitinə dəvət olunan 30-a yaxın dövlətdən birinin Azərbaycan olması və cənab Prezident İlham Əliyevin bu sammitdə iştirakı ölkəmizin Yaxın Şərqdə sülhməramlı fəaliyyətə dəstək olacağına ilkin işarə idi. Davos Forumunda Donald Trampın sadəcə iki dövlət başçısı, o cümlədən cənab Prezident İlham Əliyevlə ikitərəfli görüşü oldu. Bu, ölkəmizə və onun rəhbərinə verilən dəyərin göstəricisi olmaqla yanaşı, həm də Azərbaycanın qarşıdakı dövrdə beynəlxalq sülhməramlı missiyaya qoşulacağının xəbərçisi idi. Məhz bu Forumda Azərbaycanın Sülh Şurasında iştirakı təsdiqləndi. ISF qüvvələrində Azərbaycanlı hərbçilərin iştirakı ilə bağlı yekun qərar hələ ki, yoxdur. Bununla yanaşı həm ərəb-islam dünyasına mənəvi yaxınlığı, həm də ABŞ və İsraillə praqmatik əməkdaşlığı olan Azərbaycanın Sülh Şurasında təmsil olunması, Qəzzada bərpa-quruculuq işlərinə dəstəyi ölkəmizin beynəlxalq sülhyaradıcı və sülhqoruyucu statusunu daha da gücləndirəcək”.
Röya İsrafilova