Zəngəzur dəhlizi: "Azərbaycanın geosiyasi mövqeyi daha da möhkəmlənəcək" Gündəm

Zəngəzur dəhlizi: "Azərbaycanın geosiyasi mövqeyi daha da möhkəmlənəcək"

Cənubi Qafqazda formalaşmaqda olan yeni nəqliyyat və logistika reallıqları fonunda Zəngəzur dəhlizi Azərbaycan üçün ən çox müzakirə olunan strateji layihələrdən biri kimi ön plana çıxır. Dəhlizin istifadəyə verilməsi ölkənin regional və beynəlxalq tranzit imkanlarını genişləndirməklə yanaşı, iqtisadi gəlirlərin artması baxımından da mühüm perspektivlər vəd edir. Lakin layihənin Azərbaycana konkret olaraq nə qədər maliyyə qazancı gətirəcəyi məsələsi hələ də ekspertlər arasında fərqli yanaşmalar doğurur.

Mövzu ətrafında həm rəsmi səviyyədə, həm də müstəqil ekspert dairələrində səsləndirilən fikirlər göstərir ki, Zəngəzur dəhlizi təkcə iqtisadi layihə deyil, eyni zamanda geosiyasi və strateji əhəmiyyətə malik təşəbbüsdür.

Azərbaycana nə vəd edir?

Deputat Vüqar Bayramov “Xalq Cəbhəsi”nə açıqlamasında deyib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlər artıq tamamlanmaq üzrədir: “Dəhlizin Ermənistan ərazisindən keçən hissəsinin cəmi 40 kilometr olması layihənin işlər intensivləşdirildiyi halda daha qısa müddətdə istifadəyə verilməsini mümkün edir. İllik 15 milyon ton ötürmə potensialına malik olacaq Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına ciddi töhfə verəcək. Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək bu layihə Azərbaycanın geosiyasi mövqeyini daha da möhkəmləndirəcək və region ölkələrinin gəlirlərinin artmasına şərait yaradacaq.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin qiymətləndirmələrinə əsasən, Zəngəzur dəhlizinin 2030-cu ilədək istifadəyə verilməsi nəzərdə tutulur. Bu marşrut vasitəsilə Çindən daşınan yüklərin Londona cəmi 18 günə çatdırılması mümkün olacaq.

10 illik proqnozlara əsasən, dəhliz 50 milyard dollar gəlir gətirəcək, hər il 60 mindən çox yeni iş yerinin yaradılmasına töhfə verəcək və qitələrarası ticarət dövriyyəsinin 200 milyard dollar artmasına səbəb olacaq. Yüklərin 10–15 faizinin Zəngəzur dəhlizi üzərindən daşınacağı təqdirdə isə Azərbaycan yaxın illərdə illik təxminən 3 milyard dollar tranzit gəliri əldə edə bilər”.

Real qazanc

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan iqtisadiyyatına gətirəcəyi konkret maliyyə gəlirlərini indiki mərhələdə dəqiq rəqəmlərlə ifadə etmək mümkün deyil: “Bu məsələ ilə bağlı hələ dövlət qurumlarının da yekun və təsdiqlənmiş hesablamaları mövcud deyil. Səbəb isə Zəngəzur dəhlizinin təkcə bir nəqliyyat layihəsi yox, çoxşaxəli və uzunmüddətli iqtisadi-strateji təşəbbüs olmasıdır. Sözügedən dəhliz yalnız dəmir yolu xətti ilə məhdudlaşmayacaq. Layihə eyni zamanda avtomobil nəqliyyatı ilə yükdaşımalarını, logistika xidmətlərini və gələcək mərhələdə enerji daşıyıcılarının ötürülməsini də əhatə edə bilər. Hazırda ictimaiyyətə təqdim edilən əsas göstərici illik təxminən 15 milyon ton əlavə yükdaşıma potensialının formalaşmasıdır. Lakin bu rəqəm bazarın real davranışından, daşımaların iqtisadi cəlbediciliyindən və regionda formalaşacaq ticarət axınlarından asılı olaraq dəyişə bilər və yalnız proqnoz xarakteri daşıyır.

İqtisadçı vurğulayıb ki, gəlirin həcmi daşımaların tarif siyasətindən, marşrutun alternativ dəhlizlərlə rəqabət imkanlarından, eləcə də yük sahiblərinin hansı marşrutu seçəcəyindən birbaşa asılı olacaq: “Ucuz və sürətli daşımalar bazarı genişləndirir, ticarət dövriyyəsini artırır və nəticə etibarilə daha çox yük axınının formalaşmasına şərait yaradır. Bu baxımdan Zəngəzur dəhlizinin effektivliyi yalnız texniki imkanlarla deyil, həm də düzgün iqtisadi idarəetmə ilə müəyyən olunacaq. Bu qədər böyükmiqyaslı layihənin konkret maliyyə nəticələrini əvvəlcədən hesablamaq üçün çoxsaylı ssenarilər, risk qiymətləndirmələri və kompleks iqtisadi modellər tələb olunur. Bu gün Zəngəzur dəhlizi dəqiq bu qədər gəlir gətirəcək demək elmi və praktiki baxımdan mümkün deyil. Yalnız uzunmüddətli proqnozlar və mərhələli analizlər əsasında müəyyən nəticələr əldə etmək olar”.

Ekspert əlavə edib ki, Zəngəzur dəhlizinin əsas üstünlükləri birbaşa büdcə gəlirlərindən daha çox strateji və sistemli iqtisadi faydalarla bağlıdır: “Bu layihə Naxçıvan Muxtar Respublikasının blokadadan çıxmasına, Türkiyə ilə ticarət əlaqələrinin xərclərinin azalmasına, Azərbaycanın regional və beynəlxalq tranzit mərkəzinə çevrilməsinə güclü təkan verəcək. Bununla yanaşı, dəhliz boyunca yaradılacaq logistika mərkəzləri, anbar kompleksləri və xidmət sahələri yeni iş yerlərinin açılmasına, regionların iqtisadi aktivliyinin artmasına və ümumi iqtisadi inkişafın daha sürətli və dayanıqlı şəkildə davam etməsinə imkan yaradacaq”.

Günel Elxan