20:32
777
“Süni intellekt artıq həyatımızın bütün sahələrinə ciddi şəkildə təsir göstərir və bu proses mətbuat sahəsindən də yan keçmir”.
Bunu Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, yeni texnologiyaların ortaya çıxması hər zaman olduğu kimi həm üstünlüklər, həm də müəyyən risklər yaradır: “Süni intellekt bir sıra peşə sahələrinin tədricən sıradan çıxmasına səbəb olur. Artıq bəzi ölkələrdə mətbuat və sənədləşmə sahəsində tərcüməçilərə ehtiyac xeyli azalıb. Vaxtilə kompüterlərin meydana çıxması ilə nəhəng yığım sexlərinin bağlanması necə qaçılmaz olmuşdusa, bu gün jurnalistikada da oxşar proseslər baş verir. Hazırda bəzi jurnalistlərin yazılarında süni intellektin təsiri açıq-aşkar hiss olunur. Bir müddət əvvəl Türkiyədə keçirilən tədbirlərdən birində maraqlı fakt səsləndirildi. Bildirildi ki, bəzi jurnalistlər süni intellektin hazırladığı mətni o qədər dəyişmədən yayımlayır ki, hətta sonunda növbəti sual üçün nəzərdə tutulmuş texniki cümlə də olduğu kimi sayta yerləşdirilir. Bu, süni intellektə həddindən artıq aludəliyin təhlükəli həddə çatdığını göstərir”.
Bununla yanaşı, Mətbuat Şurasının sədri hesab edir ki, süni intellekt nə qədər inkişaf etsə də, peşəkar jurnalisti, xüsusilə araşdırma və publisistika sahəsində çalışan istedadlı qələm adamlarını əvəz edə bilməz: “Bu günlərdə sosial şəbəkələrdə Azərbaycan dilində çox təsirli bir mətn oxudum və öz-özümə dedim ki, min süni intellekt birləşsə belə, bu cür kövrək və duyğulu cümlələr yarada bilməz”.
Onun fikrincə, istedadlı insanın yazısında duyğu, həyat təcrübəsi və daxili məsuliyyət var: “Məhz buna görə də əminəm ki, əsl peşəkar və istedadlı jurnalistlərə cəmiyyətin hər zaman ehtiyacı olacaq.”
Günel Elxan