
“İkinci oxunuşun tələblərinə uyğun olaraq Cinayət Məcəlləsinə edilən dəyişikliyə öz münasibətimi bildirmək istəyirəm. Burada 273-cü maddə əvvəllər “kompüter məlumatlarını qanunsuz ələ keçirilməsi” adlanırdı. İndi biz onu “elektron verilənləri qanunsuz ələ keçirmə” adlandırırıq. Hesab edirəm ki, Əli müəllimin dediyi kimi, əgər biz bu sözü konvensiyadan götürmüşüksə, “elektron verilənlər” dilimizə yatmayan bir ifadədir. Biz onu qanunvericiliyə yeni termin kimi qəbul ediriksə, məncə, fikri də tam ifadə etmir. Ona görə də bu, daha doğru olardı ki, “elektron qaydada saxlanılan və ötürülən məlumatların qanunsuz ələ keçirilməsi” adlandırılsın. Bizim dilçi alimlər də buna münasibət bildirsəydi daha yaxşı olardı. Bu halda fikir daha aydın ifadə olunur”.
Bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı səsləndirib”.
Millət vəkili bildirib: “Toxunmaq istədiyim ikinci məsələ normanın sanksiyası ilə bağlıdır. Biz görürük ki, son illər informasiya, kommunikasiya texnologiyasının sürətli inkişafı nəticəsində, xüsusilə də süni intellektin artıq dövriyyəyə daxil olması ilə bir çox şəxslərin şəxsi məlumatları onların kompüterlərindən oğurlanır, bir çox hallarda həmin insanlar sonradan şantaj olunur. Bu, ciddi mənəvi-psixoloji sarsıntılara yol açır.
Ona görə də bu normaların sanksiyası sərtləşdirilməlidir. Mən həmişə cəzaların sərtləşdirilməsinə qarşı olmuşam. Amma hər zaman onu da söyləmişəm ki, əgər hər hansı cinayətlərin artımında ciddi yüksəliş müşahidə olunursa, o zaman müvəqqəti olaraq cəzaların sərtləşdirilməsi zərurəti yaranır və bütün dünyada da bundan istifadə olunur. Ona görə də cəzalara yenidən baxmalıyıq.
Həm də ona görə baxmalıyıq ki, biz bu günlərdə 2024-cü ildə BMT-də qəbul olunmuş kibercinayətkarlığa qarşı konvensiyanı təsdiq etdik. Həmin konvensiyanın ikinci hissəsinin ilk bəndində qeyd olunur ki, “serious crime”, yəni ağır cinayətlər hesab olunur 4 il və daha artıq azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulan cinayətlər. Bizim Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatında qeyd olunur ki, ağır cinayətlər 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə növündə cəza təyin olunan cinayətlərdir və Konstitusiyanın 151-ci maddəsinə görə də, beynəlxalq müqavilələr qanunlardan üstün hüquqi qüvvəyə malikdir və qanunlar arasında ziddiyyət yarandıqda o zaman beynəlxalq müqavilələr tətbiq olunur.
Onda biz indi qəbul etdik ki, 4 il və daha artıq azadlıqdan məhrumetmə növündə cəza təyin olunursa, bu, ağır cinayət olacaq. Ona görə də Cinayət Məcəlləsini qanunvericiliyə uyğunlaşdırmaq lazımdır. Sözün doğrusu, mən bilmirəm biz buna hazırıq, yoxsa yox. Ona görə ki, ağır cinayət işləri üzrə məhkəmələrdə işlərin həcmi xeyli dərəcədə bununla əlaqədar olaraq artmış olacaq. Amma əgər o qanunu ratifikasiya etmişiksə, gərək qanunvericiliyimizi də ona uyğunlaşdıraq. Ona görə də bizim Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununa görə bizim terminlərimiz eyni cür qəbul olunmalıdır və eyni formada tətbiq olunmalıdır. Yəni biz “ağır cinayət” anlayışını iki formada qanunvericiliyimizdə qəbul edə bilmərik. Ona görə hesab edirəm ki, biz bu məsələyə də diqqət yetirməliyik. Ümumiyyətlə, kibercinayətkarlıqla bağlı təkcə qeyd etdiyim 273-cü maddəni yox, bu sahədəki digər cinayətlərə görə də cəzaların sərtləşdirilməsi məsələsini müzakirə etsək yaxşı olar”.