10:50
546
“Yeni texnologiyalar çox sürətli bir şəkildə inkişaf edərkən bunun təhlükəli tərəflərini də gözdən qaçırmaq olmaz. Ona görə də Azərbaycan Prezidenti “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Əslində, biz bununla yeni nəsli qorumağa daha ciddi şəkildə səy göstərmiş oluruq”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında media eksperti Azər Həsrət söyləyib.
Ekspert qeyd edib ki, Azərbaycanda yeni texnologiyalardan istifadə senzuraya məruz qalmır, yəni azaddır: “Hər kəs yeni texnologiyalardan istədiyi kimi istifadə edə bilir. Amma bu da bərabərində boşluqlar gətirir, problemlər yaradır. O problemlərin qarşısını almaq, önləmək üçün məhz dövlətin qayğısına, qayda-qanunlarına ehtiyac var. Ona görə də Prezident bu sərəncamı imzalayıb. Yəni məqsəd odur ki, yeni texnologiyalardan düzgün və uyğun şəkildə istifadə edilsin”.
A.Həsrətin sözlərinə görə, bu, hansısa şəkildə yeni texnologiyaları əngəlləmək məqsədi güdmür, yaxud da bunun məqsədi yetişməkdə olan nəslin yeni texnologiyalardan uzaq tutulması deyil: “Əksinə, burada yeni texnologiyalardan, rəqəmsal imkanlardan, süni intellektdən maksimum istifadə etmək üçün təşviq var. Onun bərabərində bir də məsuliyyət məsələsi və əlbəttə ki, zərərli istifadədən çəkindirmə var”.
Röya İsrafilova