“Hörmüz boğazı bağlansa qiymətlər 100 dolların üzərinə qalxa bilər” Gündəm

“Hörmüz boğazı bağlansa qiymətlər 100 dolların üzərinə qalxa bilər”

“Neft qiymətlərində artım davam edir. Əslində, son bir neçə aydır ki, neft qiymətlərində əsas qaldırıcı qüvvə ABŞ-İran münasibətlərinin gərginliyidir. Yəni ABŞ-İran münaqişəsindən sonra neft qiymətləri 60 dollar ətrafından 70-75 dollar ətrafına yüksəldi. Müharibə başlayandan sonra yenə də bu gün 8-9 faizlik bir artım var. Brent nefti və “West Texas Intermediate” (WTI) neftində artımlar var”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli söyləyib.

O qeyd edib ki, neft qiymətlərində indiki halda əsas diqqət İranın neft bazarından çıxmasına və Yaxın Şərqdəki risklərin kəskin artmasına köklənib: “Ancaq indiki qiymətlərdə Hörmüz boğazının bağlanması ehtimalı nəzərə alınmır. Yəni investorlar fikirləşirlər ki, müharibə nə qədər şiddətli olsa da, amma Hörmüz boğazı bağlanmayacaq. Ona görə də Brent neftində hazırkı 78-80 dollarlıq interval əsasən İranın qarşıdakı dövrdə dünya neft bazarından çıxılması, eyni zamanda da “OPEC plus”un hasilatı artıracağına dair qərarlar fonunda formalaşır. Yəni İran gündəlik təqribən 3 milyon barel neft hasil edirdi və bunun da 1-1,5 milyon bareli ixrac olunurdu”.

X.Kərimlinin sözlərinə görə, Səudiyyə Ərəbistanının boş hasilatı artırmaq imkanı isə təqribən 2 milyon barel ətrafındadır və sürətli şəkildə artırmaq imkanı bu qədərdir: “Bazar gözləyir ki, yəqin ki, İran qarşıdakı aylarda bazardan çıxacaq və Səudiyyə Ərəbistanının, “OPEC plus”un hasilatı artırmaq gücü müharibənin effektlərini daha məhdud edəcək. Amma ümumi şəkildə Hörmüz boğazı bağlansa, indiki 80 dollarlıq qiymətlər 100 dolların üzərinə də qalxa bilər. Ancaq indiki qiymətlər onu göstərir ki, treyderlər, investorlar hələlik bu riski nəzərə almırlar və güman edirlər ki, Hörmüz boğazı fəaliyyətdə olacaq. Qiymətin daha da artıb-artmayacağı ehtimalları müharibənin şiddətindən, yayılma coğrafiyasından və Hörmüz boğazı ilə əlaqədar vəziyyətdən asılı olacaq”.

Röya İsrafilova