Süni intellekt dövrü: Təhsil sistemi dəyişir? Gündəm

Süni intellekt dövrü: Təhsil sistemi dəyişir?

Süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişafı bütün dünyada olduğu kimi Azərbaycanda da təhsil sisteminin qarşısında yeni və mühüm çağırışlar yaradır. Müasir dövrdə təhsil artıq yalnız ənənəvi biliklərin ötürülməsi ilə məhdudlaşmır. Bu gün təhsil sistemi rəqəmsal mühitə uyğun düşünə bilən, texnologiyaların mahiyyətini anlayan, məlumatla işləmə bacarığına malik və innovativ yanaşma nümayiş etdirən mütəxəssislərin hazırlanmasını tələb edir. Xüsusilə süni intellektin müxtəlif sahələrdə tətbiqinin genişlənməsi təhsil proqramlarının yenilənməsi, yeni ixtisasların yaradılması və kadr hazırlığı prosesinin müasir tələblərə uyğunlaşdırılmasını zəruri edir.

Ekspertlərin fikrincə, rəqəmsal transformasiya dövründə təhsilin qarşısında duran əsas vəzifələrdən biri tələbələrdə yalnız texnologiyadan istifadə bacarığı deyil, eyni zamanda analitik və tənqidi düşüncə, məlumatların təhlili, alqoritmik yanaşma və innovativ problemlərin həlli kimi bacarıqların formalaşdırılmasıdır. Bu baxımdan təhsil müəssisələrində tədris proqramlarının müasirləşdirilməsi, müəllimlərin rəqəmsal kompetensiyalarının artırılması və universitetlərlə sənaye sektoru arasında əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Digər tərəfdən, süni intellektin təhsil sisteminə inteqrasiyası yalnız texniki yenilik kimi deyil, həm də yeni düşüncə modelinin formalaşması kimi qiymətləndirilir. Bu proses təhsildə çeviklik, innovativ yanaşma və yeni metodların tətbiqini tələb edir. Mövzu ilə bağlı təhsil ekspertləri süni intellektin təhsildə tətbiqi və bu sahədə kadr hazırlığının gücləndirilməsinin vacibliyi barədə “Xalq Cəbhəsi”nə fikirlərini bölüşüblər.

“Süni intellekt dövründə təhsil modeli”

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, süni intellekt və rəqəmsal transformasiya artıq uzaq gələcəyin mövzusu deyil, bu gün təhsil sisteminin qarşısında duran real çağırışdır.

Ekspert qeyd edib ki, müasir dövrdə kadr hazırlığı məsələsinə sadəcə texniki yanaşma ilə yanaşmaq mümkün deyil: "Rəqəmsal dövrün tələblərinə uyğun kadrların hazırlanması yalnız yeni texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Biz yaxşı anlayırıq ki, kadr hazırlığını sadəcə yeni kompüterlərin alınması və ya proqramlaşdırma dərslərinin artırılması ilə həll etmək mümkün deyil. Burada əsas məsələ düşüncə tərzinin rəqəmsallaşması və çevik yanaşmanın formalaşdırılmasıdır. Müasir təhsil sistemi tələbələrə yalnız texnoloji alətlərdən istifadə etməyi deyil, həmin alətlərin arxasında duran alqoritmləri anlamağı, data ilə işləməyi və süni intellekt etikasını mənimsəməyi də öyrətməlidir”.

Onun sözlərinə görə, bu istiqamətdə aparılan islahatların mərkəzində təhsil proqramlarının yenilənməsi dayanır: “Universitetlərdə və məktəblərdə artıq proqramların məzmunu dəyişir. Tələbələr yalnız hazır texnoloji vasitələrdən istifadə edən deyil, onları analiz edən və inkişaf etdirən bacarıqlara sahib olmalıdır. Bu prosesdə isə ən böyük məsuliyyət müəllimlərin üzərinə düşür. Əgər texnologiyanı tədris edən müəllim özü rəqəmsal transformasiyanın mərkəzində deyilsə, keyfiyyətli kadr hazırlığından danışmaq çətindir”.

Ə.Həsənli vurğulayıb ki, müəllimlərin rəqəmsal kompetensiyalarının artırılması və onların tədris prosesində mentor roluna keçməsi üçün ciddi addımlar atılır: “Müəllim artıq yalnız bilik ötürən şəxs deyil, tələbəni istiqamətləndirən və rəqəmsal mühitdə ona yol göstərən bir mentor rolunu daşımalıdır. Eyni zamanda universitetlərlə sənaye sektoru arasında əməkdaşlıq genişlənir. Tələbələrin real iş mühitində, texnoloji laboratoriyalarda təcrübə keçməsi onların peşəkar formalaşmasına mühüm təsir göstərir. Əsas məqsəd yalnız texnologiyanı istifadə edən mütəxəssislər deyil, rəqəmsal dünyada problemləri innovativ şəkildə həll edə bilən kadrlar yetişdirməkdir. Bu gün qarşımızda duran əsas hədəf süni intellektin formalaşdırdığı yeni dünya nizamında tənqidi təfəkkürə malik, rəqəmsal bacarıqlarla silahlanmış mütəxəssislər yetişdirməkdir. Biz texnologiyanın arxasınca qaçan deyil, ona istiqamət verən bir təhsil modeli qurmağa çalışırıq”.

“Süni intellekt təhsildə kadr hazırlığı tələb edir”

Təhsil eksperti Elmin Nuri qeyd edib ki, süni intellekt və rəqəmsal texnologiyaların təhsil sistemində tətbiqi ilə yanaşı, bu sahədə kadr hazırlığı məsələsi də xüsusi diqqət tələb edir.

O bildirib ki, süni intellekt yeni və sürətlə inkişaf edən istiqamət olsa da, onun təhsil sistemində effektiv tətbiqi üçün ilk növbədə peşəkar kadr potensialı formalaşdırılmalıdır: “Bu gün süni intellekt və rəqəmsal texnologiyaların məktəblərdə və ümumilikdə təhsil sistemində tətbiqi vacibdir. Amma bu prosesin uğurlu olması üçün ilk növbədə kadr hazırlığına diqqət yetirilməlidir. Təhsil elə bir sahədir ki, dövrün tələblərinə ən tez uyğunlaşmağı bacarır. Əks halda elm, təhsil, sənaye və innovasiya arasında əlaqə zəifləyər və inkişaf ləngiyər”.

Ekspert qeyd edib ki, bu istiqamətdə ilk addım ali təhsil müəssisələrində, daha sonra isə peşə və orta ixtisas təhsili səviyyəsində süni intellekt üzrə kadr hazırlığının gücləndirilməsi olmalıdır: “Bu sahədə həm kəmiyyət, həm də keyfiyyət artımına ehtiyac var. Hazırda bir sıra universitetlərdə süni intellektlə bağlı dərslər və proqramlar mövcuddur. Lakin bu istiqamətin bakalavr səviyyəsində ayrıca ixtisas kimi daha geniş şəkildə tətbiqi məqsədəuyğun olardı. Orta məktəblərdə süni intellekt fənninin tədrisi ilə bağlı müzakirələr aparılır. Lakin bunun üçün əvvəlcə uyğun müəllim hazırlığı təmin edilməlidir.Bəzən səsləndirilir ki, süni intellekt məktəblərdə ayrıca fənn kimi tədris olunmalıdır. Amma bunun üçün kadr potensialı formalaşdırılmalıdır. Əgər bu fənni informatika müəllimləri tədris edəcəksə, bu yanaşma tam doğru sayılmaz. Necə ki, vaxtilə informatika fənninin başqa ixtisas müəllimləri tərəfindən tədris olunması problemlər yaradırdı”.

Ekspert hesab edir ki, gələcəkdə süni intellekt üzrə ayrıca ixtisasların yaradılması və bu istiqamətdə müəllim hazırlığının gücləndirilməsi təhsil sisteminin inkişafına ciddi töhfə verə bilər: "Süni intellekt artıq dövrün tələbinə çevrilib və bu sahədə addımların məhz kadr hazırlığından başlanması vacibdir”.

Günel Elxan