Rusiya-Ukrayna müharibəsi: Rusiyanın resursları azalır?
11 Mart 23:50

ABŞ və İsrailin İrana hücumu İranda əhalinin sosial vəziyyətini pisləşdirib. Belə bir vəziyyətdə İrana ilk yardım edən ölkə Azərbaycan oldu. Prezident İlham Əliyevin tapşırığına əsasən İrana humanitar yardım göndərilib. Belə ki, Prezident İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.
Humanitar əməkdaşlığın və qarşılıqlı hörmətin əlaməti
Milli Məclisin deputatı Pərvanə Vəliyeva vurğulayıb ki, Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardımın göndərilməsi rəsmi Bakının uzun illərdir həyata keçirdiyi humanitar və məsuliyyətli xarici siyasətin növbəti təzahürüdür: “Azərbaycan regionda və beynəlxalq müstəvidə təkcə siyasi və iqtisadi layihələrlə deyil, həm də humanitar həmrəylik və xeyirxahlıq siyasəti ilə seçilən ölkələrdəndir. İrana göndərilən humanitar yardımın tərkibində 30 tona yaxın qida məhsullarının, o cümlədən un, düyü, şəkər, içməli su, çay, həmçinin dərman və tibbi ləvazimatların yer alması Azərbaycanın qonşu və dost xalqların çətin günündə onların yanında olmağa hazır olduğunu bir daha göstərir. Nəzərə almaq lazımdır ki, İranda 40 milyona yaxın azərbaycanlı da yaşayır. Bu addım Prezident İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında aparılan telefon danışığından sonra atılıb və iki ölkə arasında humanitar əməkdaşlığın və qarşılıqlı hörmətin əlamətidir”.
“Azərbaycanın humanitar siyasəti təkcə regionla məhdudlaşmır”
P.Vəliyeva Azərbaycanın humanitar siyasətinin təkcə regionla məhdudlaşmadığını bildirib: “Son illərdə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən dövlətimiz tərəfindən müxtəlif ölkələrə və xalqlara yardım göstərilib. Məsələn, Azərbaycan Ukrayna xalqına da humanitar dəstək göstərib, enerji infrastrukturu zərər çəkmiş ərazilərə generatorlar və digər zəruri avadanlıqlar göndərib. Bu addımlar Azərbaycanın beynəlxalq hüquqa və humanitar dəyərlərə sadiqliyini nümayiş etdirir. Bununla yanaşı, Azərbaycan Fələstin xalqına da humanitar dəstək verib. Suriyada məktəblərin tikintisinə və sosial layihələrə göstərilən dəstək olunub. İrana göndərilən humanitar yardım karvanı Azərbaycanın xarici siyasətində insanpərvərlik, həmrəylik və qarşılıqlı dəstək prinsiplərinin mühüm yer tutduğunu bir daha təsdiqləyir. Rəsmi Bakı çətin vəziyyətlə üzləşən ölkə və xalqlara yardım etməklə həm regional sabitliyə, həm də beynəlxalq humanitar əməkdaşlığa real töhfə verir”.
“Azərbaycan imkanları daxilində dəstək göstərməyə çalışır”
Politoloq Elman Telmanoğlu bildirib ki, Azərbaycanın İrana humanitar yardım göndərməsi rəsmi Bakının regionda və beynəlxalq müstəvidə formalaşdırdığı məsuliyyətli və humanist siyasətin növbəti nümunəsi kimi qiymətləndirilə bilər: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verilən tapşırıq əsasında həyata keçirilən bu addım göstərir ki, Azərbaycan xarici siyasətində humanitar dəyərlərə və insan həyatının qorunmasına xüsusi önəm verir. Rəsmi Bakı dəfələrlə sübut edib ki, humanitar məsələlərdə siyasi fərqlər və ya geosiyasi qarşıdurmalar ikinci plana keçir. Azərbaycan müxtəlif böhran və münaqişə bölgələrində yaşayan insanların ehtiyaclarına həssas yanaşaraq imkanları daxilində dəstək göstərməyə çalışır. Bu baxımdan İrana göndərilən yardım regionda həm humanitar həmrəylik, həm də qonşuluq münasibətlərinin qorunması baxımından mühüm mesaj daşıyır”.
“Azərbaycanın humanitar siyasəti sistemli xarakter daşıyır”
E.Telmanoğlu Azərbaycanın Ukrayna müharibə şəraitində olarkən bu ölkəyə də mütəmadi humanitar yardımlar göndərdiyini, enerji infrastrukturu və sosial obyektlərin bərpasına dəstək verdiyini diqqətə çatdırıb: “Bu addımlar Azərbaycanın beynəlxalq humanitar məsuliyyətini dərk edən dövlət kimi çıxış etdiyini göstərir. Eyni zamanda, Azərbaycan Qəzza zolağında sosial layihələrə də dəstək verərək məktəb tikintisinə və humanitar proqramlara maliyyə yardımı ayırıb. Bu isə onu göstərir ki, rəsmi Bakı müsəlman dünyasında və ümumilikdə beynəlxalq humanitar gündəmdə aktiv iştirak edən ölkələrdən biridir. Bütün bu faktlar onu deməyə əsas verir ki, Azərbaycanın humanitar siyasəti situativ deyil, sistemli xarakter daşıyır. Rəsmi Bakı beynəlxalq münasibətlərdə yalnız siyasi və iqtisadi maraqlarla deyil, eyni zamanda humanizm, həmrəylik və məsuliyyət prinsipləri ilə çıxış etməyə çalışır. Bu yanaşma Azərbaycanın beynəlxalq imicinin güclənməsinə və ölkənin etibarlı tərəfdaş kimi qəbul olunmasına da mühüm töhfə verir”.
Röya İsrafilova