
“Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumunun martın 12-də açılış mərasimi oldu. 2013-cü ildən başlayaraq ənənə halını alan bu tədbirlərin əhəmiyyəti olduqca böyükdür. Qlobal miqyaslı beynəlxalq məsələlərin həlli üçün bu gün dünyanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin, uzun illər müxtəlif dövlət və hökumətlərə başçılıq edən tanınmış siyasətçilərin, sabiq xarici işlər nazirləri və nüfuzlu diplomatların təcrübə, fikir, ideya və təkliflərinə ciddi ehtiyac var”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib.
M.Cəfərov qeyd edib ki, forumun birinci günündə çıxış edən Prezident İlham Əliyev Qlobal Bakı Forumunun “geniş spektrli məsələləri əhatə edən və çox yüksək beynəlxalq nüfuza malik aparıcı beynəlxalq qurumlardan biri” olduğunu xüsusi vurğuladı: “Dövlət başçısı həmçinin tədbirdə bütün dünya üçün aktual və vacib olan məsələlərə toxundu. Bu gün təhlükəsizlik, sabitlik və müdafiə məsələləri əksər ölkələr, hətta dünyanın bütün dövlətlər üçün də bir nömrəli məsələdir. İstənilən inkişaf sülh, sabitlik və təhlükəsizlikdən asılıdır. Sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Bu baxımdan Azərbaycan dövlət başçısı çox doğru olaraq vurğuladı ki, təhlükəsizlik istiqamətində beynəlxalq səylər birləşdirilməlidir”.
Deputat bildirib ki, cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi builki forumun gündəliyi çox genişdir: “Forum bir çox məsələləri əhatə edir, lakin müzakirələr zamanı xüsusi diqqət bölgəmizdəki və dünyadakı hazırkı mövcud vəziyyətə yönələcək. Dövlətimizin başçısı qeyd edib ki, “bəli, indi heç vaxt olmadığı qədər təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik əsas amildir və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik”. Hazırda dünyada yeni gərginlik nöqtələrinin yaranması və uzunmüddətli mövcud münaqişələr beynəlxalq təhlükəsizlik strukturuna təhdid təşkil edir. Bütün bunlar beynəlxalq hüquqa təhdiddir”.
O eləcə də deyib ki, forumda qlobal enerji təhlükəsizliyi kimi aktual məsələ ilə bağlı dünyaya vacib mesajlar verən Prezident İlham Əliyev Azərbaycanın tarazlı və proqnozlaşdırıla bilən neft qiymətinin tərəfdarı olduğunu, ortaq həllin tapılmasına böyük səylər göstərdiyini və ölkəmizin OPEC+-dakı vasitəçilik fəaliyyətinin yüksək qiymətləndirildiyini vurğulaması da təqdirəlayiqdir: “Sülhə, əmin-amanlığa, qarşılıqlı əməkdaşlığa töhfələr verən Azərbaycan XIII Qlobal Bakı Forumu vasitəsilə müasir dünyanın çağırışları qarşısında öz prinsipial mövqeyini bir daha beynəlxalq birliyə çatdırdı”.
Röya İstafilova