“Avropa belə hərbi əməliyyatlara başlamaq üçün hazırlıqlı deyil” Gündəm

“Avropa belə hərbi əməliyyatlara başlamaq üçün hazırlıqlı deyil”

“Macarıstanın Baş naziri Viktor Orbanın “Avropa İttifaqı müharibəyə hazırlaşır və Ukraynada avropalı əsgərlərin görünməsi zaman məsələsidir” məzmunlu bəyanatı Rusiya–Ukrayna müharibəsi fonunda Avropada təhlükəsizlik siyasəti ilə bağlı gedən müzakirələrin yeni mərhələyə keçdiyini göstərən mühüm məqamdır. Onu da qeyd etmək lazımdır ki, bu çıxış yalnız siyasi ritorika kimi deyil, eləcə də Avropa daxilində mövcud olan fərqli təhlükəsizlik yanaşmalarının ifadəsi kimi də qiymətləndirilməlidir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Politoloqun bildirdiyinə görə, məlum olduğu kimi 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsi Avropanın təhlükəsizlik arxitekturasını köklü şəkildə dəyişdirib: “Bu proses nəticəsində Avropa İttifaqı və NATO ölkələri müdafiə xərclərini artırmaq, hərbi sənayeni gücləndirmək və Ukraynaya genişmiqyaslı dəstək göstərmək xəttinə üstünlük veriblər. Avropa Şurasının rəsmi sənədlərində də qeyd olunur ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropa üçün uzunmüddətli təhlükəsizlik çağırışı kimi qiymətləndirilir və buna cavab olaraq müdafiə potensialının artırılması strateji prioritetə çevrilib. Son illərdə Aİ ölkələri tərəfindən Ukraynaya verilən hərbi, maliyyə və humanitar dəstəyin həcmi yüz milyardlarla avroya çatıb. Lakin bu proses Avropa dövlətlərinin Ukraynada birbaşa hərbi əməliyyatlara qoşulması demək deyil”.

A.Qurbanova qeyd edib ki, həmçinin indiki məqamda Avropa belə hərbi əməliyyatlara başlamaq üçün hazırlıqlı da deyil: “Avropa İttifaqının rəsmi mövqeyi əsasən Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi təlim proqramlarının həyata keçirilməsi və müdafiə sənayesinin genişləndirilməsi üzərində qurulub. Məsələn, Avropa İttifaqının Ukrayna üzrə hərbi təlim missiyası çərçivəsində on minlərlə ukraynalı hərbçi Avropa ölkələrində hazırlıq keçib. Bu isə göstərir ki, rəsmi Brüssel hazırkı mərhələdə müharibəyə birbaşa qoşulmaqdan daha çox Ukraynanın müdafiə imkanlarını artırmaq strategiyasına üstünlük verir. Digər tərəfdən isə Avropa daxilində Ukraynanın təhlükəsizliyi ilə bağlı daha geniş mexanizmlərin müzakirəsi də davam edir. Xüsusilə də, Fransa və Böyük Britaniya tərəfindən irəli sürülən təşəbbüslərdə gələcək sülh razılaşması əldə olunacağı halda Ukraynaya beynəlxalq təhlükəsizlik təminatlarının verilməsi və mümkün çoxmillətli missiyanın yaradılması ehtimalı müzakirə olunur. Lakin bu ideya hazırda yalnız sülh sazişi və ya atəşkəs əldə olunacağı halda mümkün ssenari kimi nəzərdən keçirilir və Ukraynada birbaşa döyüş əməliyyatlarında iştirak edən Avropa qoşunlarının göndərilməsi barədə rəsmi qərar hələ ki, mövcud deyil”.

O əlavə edib ki, məhz bu baxımdan yanaşdıqda Viktor Orbanın bəyanatı müəyyən dərəcədə Avropada artan hərbi hazırlıq və təhlükəsizlik narahatlıqlarına istinad etsə də, onun ifadə etdiyi ssenari hazırkı mərhələdə rəsmi qərar kimi mövcud deyil: “Macarıstan hökuməti son illərdə Ukrayna müharibəsi məsələsində daha ehtiyatlı mövqe nümayiş etdirərək Avropa İttifaqının bəzi qərarlarına tənqidi yanaşma nümayiş etdirir və ölkəni “sülh və sabitlik tərəfdarı” olduğunu konkret şəkildə ifadə edir. Nəticə etibarilə, mövcud vəziyyət göstərir ki, Avropa dövlətləri Rusiya–Ukrayna müharibəsini qitənin təhlükəsizlik sistemini dəyişdirən strateji hadisə kimi qəbul edir və buna uyğun olaraq müdafiə potensialını gücləndirir. Lakin indiki mərhələdə Avropa İttifaqının birbaşa müharibəyə qoşulması deyil, Ukraynanın müdafiə imkanlarının artırılması və uzunmüddətli təhlükəsizlik balansının formalaşdırılması əsas prioritet kimi qalır. Ona görə də, Orbanın bəyanatı daha çox siyasi mövqenin ifadəsi kimi qiymətləndirilsə də, Avropada təhlükəsizlik mühitinin getdikcə daha hərbiləşmiş xarakter aldığını göstərən mühüm siyasi mesaj kimi də qəbul edilə bilər”.

Röya İsrafilova