
“Azərbaycanda kənd təsərrüfatında dron və robot texnologiyaların tətbiqi mümkündür. Ancaq bunun müsbət və mənfi tərəfləri var. Azərbaycan neft ölkəsi ilə yanaşı, eyni zamanda, aqrar ölkədir. Azərbaycan SSRİ zamanından plan iqtisadiyyatında bütün aqrar planların yerinə yetirilməsində qabaqcıl ölkələrdən biri olub. Belə olduğu halda Azərbaycanda kənd təsərrüfatı ənənələrinin, həmçinin iqliminin, toprağının da ona uyğun olması məsələsi ortaya çıxır. Amma burada bir məsələ var. Dünya təcrübəsində bu texnologiyaların tətbiqi ən çox onu özləri istehsal edə biləndə faydalı olur”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında beynəlxalq standartlaşdırma üzrə mütəxəssis Asif İbrahimov deyib.
O qeyd edib ki, Azərbaycanda reallıq odur ki, biz nə ediriksə, əlavə dəyər yarada bilmirik və ucuz məhsul istehsal edə bilmirik: “Nə istehsal ediriksə bizdə baha başa gəlir. Bunun da səbəbləri var. Yekun məhsulun qiymətini formalaşdıran məsələlər var ki, onlardan biri xərclərdir. Yəni sənin xammalın, maya dəyərin nə qədər yüksək olursa, yekun qiymətin də yüksək olacaq. Bizdə istər aqrar sahədə, istər digər sahələrdə istehsal etdiyimiz məhsulların maya dəyəri çox yüksək başa gəlir. Ona görə də bu texnologiyaları ölkədə tətbiq etsək qiymətindən asılı olaraq xərclərə təsir edəcək. Daha baha başa gələcək. Düzdür, sənayeləşdirilmiş əkinə keçirsən, bir sıra sahədə nizam gətirirsən, maddi-texniki bazan güclənir, məlumatların idarə olunması güclənir, daha keyfiyyətli məhsul əldə edirsən. Ancaq burada dediyim kimi, bir məsələ var ki, bu, xərclərə öz təsirini göstərir”.
A.İbrahimovun sözlərinə görə, dünyada bu texnologiyaları özü istehsal etməyən ölkələr həmin texnologiyaların tətbiqi ilə bağlı təcrübəni həyata keçiriblər: “Məsələn, ilkin olaraq ABŞ tətbiq etməyə başladı. Hətta özü istehsal etsə belə maya dəyəri yüksək başa gəldi. Yəni bu məsələləri tənzimləmək lazımdır. Əslində, dron və robot texnologiyaların tətbiqi çox gözəl bir şeydir. Bunu alqışlamaq lazımdır. Ancaq bunu elə formada etmək lazımdır ki, bu, maya dəyərini qaldırmasın, aşağı salsın”.
Mütəxəssis həmçinin deyib ki, bu, eyni zamanda, kadr məsələsidir: “Bu kadrların yetişdirilməsi də zaman alan məsələdir. Texnologiyaların alınması, tətbiqi, hazırlıq mərhələsi, ixtisaslı kadrların yetişdirilməsi, həmin o texnikalara planlı, plandan kənar texniki qulluq məsələsi - bunların hamısı xərcdir. Yəni biz bunları tətbiq edək, lakin elə bir formasını tapaq ki, bu, məhsuldarlığa, yekun qiymətin formalaşmasında ən önəmli amil olan maya dəyərini aşağı salsın, yuxarı qaldırmasın”.
Röya İsrafilova