Neft istehsalı azalır, qaz hasilatı artır İqtisadiyyat

Neft istehsalı azalır, qaz hasilatı artır

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin istismara verilməsindən 16 il ötür

Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixracı boru kəmərinin Türkiyə hissəsinin, Ceyhandakı dəniz ixrac terminalının və bütövlüklə BTC ixrac boru kəməri sisteminin tam istismara verilməsindən 16 il ötür. Üç dənizin əfsanəsi hesab edilən BTC üç ölkənin ərazisindən keçərək 1768 kilometr məsafəyə uzanan dünya səviyyəli bir boru kəməridir. Energetika Nazirliyindən bildirilib ki, beynəlxalq bazarlara təhlükəsiz və etibarlı çıxış təmin edən BTC kəmərinin ötürücülük gücü gündəlik 1,2 milyon bareldir. 2006-cı ilin iyulun 13-də istismara verilməsindən indiyək bu boru kəməri vasitəsilə 463 milyon tonu Azərbaycan nefti olmaqla ümumilikdə, təxminən, 518 mln. ton neft Azərbaycan nefti Xəzərdən Aralıq dənizinə nəql olunub.

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 16,5 milyon ton neft hasil edilib. Energetika Nazirliyinin məlumatına görə, respublika üzrə neft hasilatının 10,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,9 milyon ton təşkil edib. Hesabat dövründə 13,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 12,6 milyon tona yaxın konsorsiumun, 780 min tonu isə SOCAR-ın payına düşür.

6 ay ərzində ölkədə 23,4 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,9 milyard kubmetri AÇG-dən, 12,6 milyard kubmetri “Şahdəniz”dən, 3,9 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 15,1 faiz, yəni 3,1 milyard kubmetr artımla qaz hasil edilib. Hesabat dövründə xaricə qaz satışı 11,2 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,7 faiz çoxdur. Cari ilin yanvar-iyun aylarında Türkiyəyə 4,3 milyard kubmetr, Avropaya 5,4 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb. Bu dövrdə BTC boru kəməri sisteminə 55 milyon kubmetr qaz verilib. Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 2,9 milyard kubmetrə yaxın qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 iyul 2022-ci il tarixinədək 594,8 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 556,8 milyon ton neft, “Şahdəniz”dən isə 38 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2022-ci ilin 01 iyul tarixinədək 593 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib. Yataqlar istismara veriləndən cari ilin 01 iyul tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 197 milyard kubmetrə yaxın, “Şahdəniz”dən isə 170 milyard kubmetrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 116 milyard kubmetrdən çox həcmi ixraca nəql edilib. Cari ilin yanvar-iyun aylarında ölkədə neftin emalı 2,7 milyon ton təşkil edib.

Ölkəmizdə son 10 ildə neft hasilatı azalmağa, qaz istehsalı isə artmağa başlayıb. Belə ki, Azərbaycanda neft istehsalı 2010-cu ildə pik həddə çatıb və 50,8 milyon ton təşkil edib. 2011-ci ildən etibarən “qara qızıl” hasilatın azalmağa başlayıb 2011-ci il də 45,6 milyon, 2015-cu ildə 41,6 milyon, 2020-ci ildə 34,5 milyon, 2021-ci ildə 34,6 milyon ton təşkil edib. 11 ildə istehsal 15 milyon ton azalıb ki, bu da heç də kiçik rəqəm deyil. Əvəzində isə qaz hasilatı artıb. Belə ki, 2021-ci ildə Azərbaycanda 43 milyard 863,5 milyon kubmetr qaz (artım 18,1%), 32 milyard 573,8 milyon kubmetr əmtəəlik qaz (artım 23%) hasil edilib.

2022-ci ildə Azərbaycanda neft və digər maye karbohidrogen hasilatı 0,68 milyon barel/sutka səviyyəsində gözlənilir. Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir. Bu proqnoz əvvəlki hesabatda 0,69 milyon barel/sutka səviyyəsində idi. Hesabata əsasən, 2022-ci ilin birinci rübündə hasilat 0,7 milyon, ikinci rübdə isə 0,69 milyon barel/sutka barel/sutka təşkil edib. Üçüncü və dördüncü rüblərdə hasilat müvafiq olaraq 0,68 milyon və 0,67 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılır. 2023-ci ildə isə proqnozlara əsasən Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,65 milyon barel/sutka olacaq. Əvvəlki hesabatda bu göstərici 0,67 milyon barel/sutka səviyyəsində idi.

Növbəti illərdə ölkəmizdə qaz istehsalının ildə 50 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. “Qara qızıl” hasilatının azalmasından itirdiklərimizi “mavi yanacaq” istehsalının və ixracının artırılması əvəzləyə bilər. Proqnozlara görə, yaxın illər ərzində dünya bazarında qaza təlabatın artması gözlənilir ki, bu da növbəti illərdə qaz hasilatını və ixracını əhəmiyyətli dərəcədə artıracaq Azərbaycanın iqtisadi maraqlarına çavab verir. Neft hasilatının azaldığı, qiymətlərin kövrək olduğu bir vaxtda qazla bağlı belə nikbin proqnozlar lap yerinə düşür, “qara qızıldan” itirdiklərimizi “mavi yanacaq” ixracının artırılması əvəzləyə bilər. Təbii qazın 2025-ci ilədək qlobal enerji səbətində kömürü üstələyəcəyi və 2047-ci ildə ən çox istifadə olunan enerji mənbəyinə çevriləcəyi gözlənilir. Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında bildirilir ki, bir çox ölkə tərəfindən təbii qaza təmiz enerji növü kimi daha çox üstünlük veriləcək. Bundan əlavə, təbii qaz bazarı regional bazar olmaqla yanaşı, ölkələr arasında əlaqələrin qurulmasında daha böyük rol oynayacaq. Elektrik enerjisi istehsalı və sənayedə istifadə təbii qaz tələbatındakı artımda əsas amil olacaq.

Dünya bazarında qazın qiymətlərinin yüksəlməsi Azərbaycanın maraqlarına cavab verir, ölkənin qaz ixracının və bu sahədən gəlirlərin artırılması ilə bağlı siyasətinin doğru olduğunu bir daha təsdiqləyir. 2050-ci ilədək qlobal təbii qaz tələbatı 50 faiz artaraq ildə 6 trilyon kubmetrə yüksələcək. 2022-ci ildə də qlobal təbii qaz tələbatının artacağı gözlənilir. 2021-ci ildə qlobal qaz tələbatı 110 milyard kubmetr artıb. Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal qaz tələbatının 2024-cü ilə qədər hər il 1,6% artacağını proqnozlaşdırır.

Son illər Azərbaycan iqtisadiyyatına yatırılan investsiyaların da azalması müşahidə olunur. Belə ki, 2021-ci ildə əsas kapitala 16,127 milyard manat məbləğində, yaxud 2020-ci il ilə müqayisədə 8,2 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 5,6 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 9,6 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 10,537 milyard manatı və ya 65,3 faizi məhsul istehsalı sahələrinə, 4,561 milyard manatı (28,3 faizi) xidmət sahələrinə, 1 milyard manatı (6,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11,8 milyard manatını və ya 73,1 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11,016 milyard manatı və ya 68,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,7 faiz, büdcə vəsaitləri 25,7 faiz, sair vəsaitlər 7,5 faiz, bank kreditləri 6,1 faiz, əhalinin şəxsi vəsaitləri isə 6,0 faiz təşkil etmişdir. Bir sözlə, neft sektoruna sərmayələr azalıb, investisiya qoyuluşunda daxili yatırımlar üstünlük təşkil edir, əsas sərmayəçi isə dövlətdir.

Bəxtimiz gətirib ki, ölkədə neft hasilatı azalsa da, dünya bazarında qiymətləri yüksəkdir. Azərbaycan neftinin bir bareli 114 dollara satılır. Gözlənildiyi kimi, bu il üçün neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulandan yüksəkdir. Hətta “qara qızıl”ın bahalaşmasını və gəlirlərin artmasını nəzərə alan hökumət dövlət büdcəsində neftin qiymətini 50 dollardan 85 dollara yüksəltdi, 2022-ci ilin ilin dövlət büdcəsinin gəlirləri də artırıldı. Çünki ilin sonunacan neftin həmin həddən baha olacağı gözlənilir. Bütün bunlar isə Azərbaycan üçün nikbin olmağa, dövlət büdcəsinin gəlir və xərclərinin təmin olunacağını, nəzərdə tutulan sosial ödəmələrin vaxtında həyata keçiriləcəyini söyləməyə əsas verir. ABŞ Energetika Nazirliyi 2022-ci ildə "Brent" markalı neftin qiyməti ilə bağlı proqnozu 104 dollardır. Nazirlik həmçinin "Brent" markalı neftin qiymətinin 2023-cü ildə bir barel üçün 93,75 dollara düşəcəyini gözləyir. Bu isə gələn il də nefin baha olacağından xəbər verir.

Mahir Həmzəoğlu