“Avro-4”-ün tətbiqinə başlanıldı İqtisadiyyat

“Avro-4”-ün tətbiqinə başlanıldı

Bu standartın tətbiqi maşın bazarını iflic edib

Cavid

Dünəndən Azərbaycan Avro-4 standartlarına keçib. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə AZS 636-2012 "Yol nəqliyyatı. Ekoloji siniflər" dövlət standartına dəyişiklik təsdiq edilib.
Dəyişikliyin tətbiq vaxtı 1 aprel 2014-cü il tarixdən müəyyən edilib.
Əmrə əsasən avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu barədə cədvələ dəyişiklik edilib.
Xatırladaq ki, "Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə" Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 2 nömrəli Qərarına əsasən, 1 aprel 2014-cü il tarixindən Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələlərindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4 ekoloji normaları tətbiq ediləcək. 1 aprel 2014-cü il tarixindən Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların Avro-4 ekoloji normalara uyğun olması əsas götürülüb.
Onu da vurğulayaq ki, bu standartın tətbiqi ilə ilk növbədə Bakı küçələrində az qala hamımızı cana gətirən tıxacların bir dəfəlik aradan qaldırılacağı bildirilir. Hər halda bunu zaman göstərəcək. Avtomobil bazarlarında isə alıcı qıtlığı yaşanır.
Satıcıların dediyinə görə son vaxtlar bazarda alver demək olar ki, yox dərəcəsindədir. İstər ili köhnə, istərsə də yeni avtomobillərin satışı azalıb. Heç şübhəsiz ki, avtomobil bazarında durğunluğun əsas səbəbəlrindən biri yeni standartın tətbiqidir. Avtomobil satıcılarının bildirdiklərinə görə, Avro-4 standartının tətbiqi maşın bazarında alıcı qıtılığı yaratsa da, köhnə maşınlara tələbatı artıracaq.
İqtisadçılar yeni standartın tətbiqinin xüsusilə fərdi sahibkarlara ciddi ziyan vuracağı qənaətindədirlər. Avro-4 standartı isə öz növbəsində avtomobil bazarında qiymətlərə xüsusi təsir göstərəcək.
Yeni standarta görə istehsal müddəti 2005-c ilə qədər olan avomobillər bundan sonra ölkəyə gətirilə bilməyəcək.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayevin sözlərinə görə, standartlar həm idxal olunan, həm də ölkədə istehsal olunan avtomobillərə aiddir. Rusiya istehsalı olan avtomobillər Avro-4 ekoloji standartlarına cavab verəcəyi halda ölkəyə idxal olunacaq.
Ekspert Sülhəddin Gözəlovun fikrincə, Avro 1, Avro 2, Avro 3 standartları arasında kəskin fərq olmadığı halda Avro 3, Avro 4 arasında kəskin fərq var. Həm dəm qazı, həm azot oksidi üçün bu rəqəmlər iki dəfə praktiki kəskin olaraq azaldılıb.
Belə ki, bir minik avtomobilində bir kilometr yolun qət edilməsi üçün havaya buraxılan dəm qazının miqdarı Avro 2-də 2.3 qram idisə, Avro 3-də 2 qramdır, Avro 4-də isə, bu rəqəm artıq 1 qramdır.
Mütəxəssislər hesab edilər ki, Avro-4 standartının birbaşa tətbiqinin mənfi tərəfləri də ola bilər.
Sülhəddin Gözəlovun fikrincə Avro 4 keçid idxal olunan avtomobillərin qiymətinə kəskin artmasına gətirib çıxarda bilər: "Avtomobil həvəskarları artıq xaricdən gətirilən avtomobilləri deyil ölkdə istismar olunan və aşağı Avro standarta malik avtomobillərdən istifadə edəcək.
Yeni standartların tətbiqi zamanı avtomobillərin qiymətinin qalxması qonşu Rusiyada da müşahidə olunub. Bu ölkədə Avro-5 standartının bu ilin yanvarın birində tətbiqi Uzaq Şərq vilayətlərində qiymətlərin xeyli artımına səbəb olub. Mütəxəsisslərin fikrincə inkişaf etməkdə olan ölkələrdə maşın istehsalı önəmli yer tutmadığından yeni standartların tətbiqi qiymətlərə təsir edir.
Ekspertlər bu keçidin sürətli olduğunu desələr də, bunun ölkəmizin inkişaf etmiş ölkələr arasında irəliləməsinə kömək edəcəyi qənaətindədirlər.
Hazırda Avropa ölkələrində Avro-6 standartını tətbiq edilir. İiqtisadçı-ekspert İlham Şabanın sözlərinə görə, "Avro" standartları Avropada 1991-ci ildən tətbiq olunmağa başlayıb: "İldən-ilə təkmilləşdirmə dərəcəsinə görə bu rəqəmlər artıb. Bu nisbət faizinin göstəricisidir. Ölkəmizdə Avro-4 standartının tətbiqində məqsəd avtomobillərin yanacağında ixrac olunan karbon qazının ətraf mühitin çirkləndirməsinin qarşısını almaqdan ibarətdir. Avro-4 standartları ekoloji təşkilatlar tərəfindən avtomobil və yanacaq istehsalçılarına qarşı bir mübarizə vasitəsi kimi ortaya qoyulub. Ötən 20 il göstərdi ki, bunun təbiətə və insanlara böyük faydası var".
İ.Şaban onu da vurğulayıb ki, hazırda Azərbaycanda Avro-4 standartına cavab verə bilən benzin istehsal olunmur. Onun sözlərinə görə, bu standartın tətbiqi təkcə kifayət qədər kapital tələb edən məsələ deyil: "Bu tip benzinin əldə olunması üçün maddi vəsaitlə yanaşı texnoloji yenilik də lazımdır. Avro-4 standartına cavab verən benzinin istehsal edilməsi üçün ölkəmiz yeni avadanlıqlar idxal etməli və onların tətbiqinə başlamalıdır.
Ekspert Azərbaycanda Avro-3 standartının tətbiqinin başa çatması məsələsinə də münasibət bildirib: "Azərbaycanda ekoloji cəhətdən daha yaxşı mühit yaradılması üçün dövlət proqramı icra olunur: Burada respublika üzrə idxal olunan avtonəqliyyat vasitələrinin dərəcəsinin yüksəldilməsi və yanacağın keyfiyyətinin artırılması nəzərdə tutulur. Proqrama uyğun olaraq ölkədə Avro-3 standartı tətbiq olunub və bu tətbiq uğurla başa çatıb. Bu ekoloji standart idi və onun tətbiqi ətrafa buraxılan zərərli maddələrin qarşısının alınması məqsədini daşıyıb.
Qeyd edək ki, Azərbaycanda 2014-cü ilin yanvarın 1-dən Avro-3, aprelin 1-dən isə Avro-4 standartına uyğun gəlməyən avtomobillərin ölkəyə idxalı qadağan olunub.
Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov Azərbaycanda Avro-4 ekoloji standartına keçidlə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə keçirdiyi görüşdə bildirib ki, ölkəyə idxal olunan avtonəqliyyat vasitələrinin qeydiyyata alınması "bir pəncərə" prinsipi ilə həyata keçirilir.
Onun sözlərinə görə, bu məqsədlə avtomobil idxalçıları üçün iki məlumat köşkü quraşdırılıb: "Ölkə başçısının tapşırığı ilə ölkənin avtomobil parkı yenilənməli və daha yeni avtomobillərlə təchiz olunmalıdır. Həmçinin, avtomobillərin atmosferə tullantılarının azaldılması və Avro-4 ekoloji standartlarına keçirilməsi qərara alınıb.
İ.Hüseynov qeyd edib ki, artıq bununla bağlı DGK və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi avtomobillərin Avro-4 standartına uyğun olub-olmamasını birgə yoxlamağa başlayıb və bu iş bundan sonra da davam edəcək.
DGK-nin Mərkəzi Gömrük Ekspertiza İdarəsinin rəisi Mehriban Əlizadə isə bildirib ki, qurum avtomobillərin atmosferə atdığı zəhərli maddələri ölçərək onlara sertifikat verir. Bu sertifikat da SMPDK-nın standartlarına uyğun verilir:
"Artıq bununla bağlı VAİZ sistemi yaradılıb. Avtonəqliyyat vasitələri onlayn sistemlə uyğunlaşdırılır. Bu sistemin iş prinsipinə uyğun olaraq onlayn vasitəsi ilə müraciət etməyən nəqliyyat vasitəsi qeydiyyata alınmayacaq və qeydiyyata alınmayan nəqliyyat vasitələrinə gömrük rəsmiləşdirilməsi və uyğunluq sertifikatı verilə bilməz".
M.Əlizadə deyib ki, elektron qaydada qeydiyyatdan keçən və uyğunluq sertifikatı alan avtonəqliyyat vasitələri ümumi sistemə daxil ediləcək: "Avtonəqliyyat vasitəsinin qeydiyyata alınması cəmi 10 dəqiqə vaxt aparır. Baxmayaraq ki, bir çox MDB ölkələrində bu 15-20 dəqiqə çəkir. Bunun üçün isə avtonəqliyyat vasitəsi sahibi 20 manat və 30 manat gömrük rüsumu ödəməlidir. Hər bir əməliyyat üçün isə bank tərəfindən 1 manat xidmət haqqı tutulur ki, bu xidmətdən istifadənin ümumi dəyəri 52 manat təşkil edir".
M.Əlzadə bildirib ki, ötən il 56 346 müraciət daxil olub ki, bunun da 56 333-nə sertifikat verilib, 13 nəfərin müraciəti isə qeydiyyata alınmayıb: "Bundan başqa, təhlükəsizlik yastığı olmayan maşınların da ölkəyə buraxılmasına qadağa qoyulacaq ki, biz bunu da yoxlayırıq".