Yeni neftayırma zavodunun tikintisi yubanacaq İqtisadiyyat

Yeni neftayırma zavodunun tikintisi yubanacaq

ARDNŞ hələlik Bakı Neft Emalı Zavodunda yenidənqurma aparmaqla "Euro-4" və "Euro-5"ə keçəcək

Tərlan

Azərbaycanda ekoloji durumun yaxşılaşdırılması istiqamətində "Euro-3", "Euro-4" və "Euro-5" standartlarına keçidin sürətləndirilməsinə dair tədbirlərin icrası ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) emal müəssisələrində mühüm işlər görülür. ARDNŞ-dən APA-ya verilən məlumata görə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda həyata keçirilən yenidənqurma tədbirləri çərçivəsində mövcud texnoloji qurğularının modernləşdirilməsi, istehsal gücünün artırılması və ekoloji mühitin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulmuş layihələrin icrası sürətləndirilib və bir neçə layihənin icrasına start verilib.
İtaliyanın "Foster Wheller" şirkəti tərəfindən hazırlanmış texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq 21 nömrəli ED-AVQ-6 qurğusunun məhsuldarlığının ildə 7,5 mln. tona çatdırılması, emissiyaların maksimum azaldılması və qurğunun daxili istilik potensialından daha səmərəli istifadə edilməsi istiqamətində layihənin növbəti mərhələsinə başlanılıb. Bundan başqa, ABŞ-ın UOP şirkəti tərəfindən zavodun 55 nömrəli katalitik krekinq qurğusunun məhsuldarlığının ildə 3 mln. tona çatdırılması üçün layihələndirmə işlərinə başlanılıb. Eyni zamanda ekoloji mühitin yaxşılaşdırılmasında mühüm rol oynayan, mayeləşdirilmiş qazların və yüngül benzin fraksiyaların kükürdlü birləşmələrdən təmizlənməsi üçün UOP şirkətinin texnologiyası əsasında "Meroks" qurğularının tikintisi də layihələndirilir. Hazırda "EDL/Porner" şirkəti tərəfindən "Azərneftyağ" neft emalı zavodundan ED-AVQ-2 və bitum qurğularının H.Əliyev adına BNEZ-ə köçürülməsinin texniki iqtisadi əsaslandırılması aparılır.
Qeyd edək ki, "Azərneftyağ" Neft Emalı Zavodunda benzin, ağ neft, dizel distillatları, mühərrik, sənaye, turbin, transformator, digər müxtəlif yağlar və bitum istehsal olunur. Əslində Azərbaycan neftin daxili zavodlarda emalından daha çox xam şəkildə ixracına üstünlük verir. Heft emalı zavodları birlikdə ildə 22 milyon ton neft emalı gücünə malikdirlər. Heftayırma zavodları istehsal gücünün heç yarısı qədər də işləmirlər. Amma xaricə dizel yanacağı, mazut, motor yanacağı, aviabenzin, transformator yağı və s. ixrac edirlər. Məhsul əsasən Almaniya, İtaliya, İspaniya və başqa Avropa ölkələrinə göndərilir. Emal üçün xam neft azlıq təşkil edir. Çünki ölkədə çıxarılan xam neft əsasən ixrac olunur. Hazırda dünya bazarında vəziyyət elədir ki, xam nefti birbaşa kəmərlərə doldurub daha asan gəlir əldə edirlər. Ona görə də, ARDHŞ neftin daxili neftayırma zavodlarında emalı və ondan məhsul alınmasında o qədər də maraqlı deyil.
Əslində neft məhsullarının emalı xammal ixracından da gəlirli, perspektivli və rəqabət qabiliyyətlidir. Amma son illər modrnləşdirmə aparılmadığından ölkədaxili yanacaq bazarında məhsulun keyfiyyəti məsələsi ciddi problemə çevrilib. Hətta Azərbaycanda istehsal olunan benzinin və maye qazın keyfiyyəti də çox aşağıdır. Baş ofisi Amerikanın Texas ştatında yerləşən Beynəlxalq Yanacaq Keyfiyyətli Mərkəzi (IFQC) 2011-ci ildə 100 ölkə arasında benzinin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı apardığı araşdırmaların nəticələrinə görə, Azərbaycan 100 ölkə arasında 89-cu yeri tutur. Növbəti sırada, 90-cı yerdə 4 ölkə - Qazaxıstan, Tacikistan, Türkmənistan və Şri-Lanka qərarlaşıb. Reytinq cədvəlində birinci yerdə Almaniyanın, ikinci Yaponiyanın adı gəlir. Üçüncü yeri isə 6 ölkə (Avstriya, Macarıstan, Danimarka, Finlandiya, İsveç və Estoniya) bölüşdürür. Dünyanın iki nəhəng dövləti olan Amerika və Rusiya bu sıralamada müvafiq olaraq 44-cü və 84-cü yerdə qərarlaşıb. Reytinq cədvəlinə görə Amerika bu sırada 35, Rusiya və Kanada 34, Özbəkistan 30, Azərbaycan isə 27 mövqe geriləyib.
ARDNŞ hazırda Bakı şəhərinin Xətai rayonu ərazisində "Qara şəhər" adlanan massivdən neftayırma zavodlarının şəhərdən kənara köçürülməsi layihələri üzərində iş aparıldığını da bildirir. 2020-ci ilədək şəhərdən kənarda yaradılacaq yeni neft-kimya kompleksi ölkənin neft və neft-kimya məhsullarına olan təlabatını tam ödəyəcək. Sovet dövründə inşa edilmiş emal zavodlarımızda istismar olunan qurğuların böyük hissəsinin fiziki və mənəvi cəhətdən köhnəldiyi nəzərə alınaraq, şəhərdən kənarda, müasir tələblərə cavab verən yeni Neft-Qaz Emalı və Neft-Kimyası Kompleksinin yaradılması hökumət tərəfindən ARDNŞ-a həvalə edilib. "Technip", "Foster Wheeler" və "UOP" kimi dünya şöhrətli şirkətlərlə birlikdə bu sahədə hazırlıq işləri aparılır. Kompleks inşa olunduqdan sonra ölkəmizdə müasir standartlara uyğun benzinin istehsal ediləcəyinə ümid etmək olar.
Amma bir neçə gün öncə Bakıja keçirilən Azərbaycan və Çexiya hökumətləri arasında qarışıq komissiyanın iclasında ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov deyib ki, "Azərbaycan özü 2023-cü ilə qədər Bakıda yeni neft-qaz müəssisələrinin tikintisinə başlayacaq. Çexiya neft-qaz avadanlıqlarının istehsalçısıdır. Bu gün Azərbaycan Çexiyadan bu cür avadanlıqlar alır. Buna görə də biz Çexiya şirkətlərini bu yeni müəssisələrin tikintisində və burada quraşdırılacaq neft-qaz avadanlıqlarının da yaxından iştirak edə bilərlər".
Bu isə o deməkdir ki, ARDHŞ yeni neftayırma zavodlarının tikintisinə tezliklə başlamaq fikrində deyil, daha çox mövcud zavodların modernləşdirilməsinə maraq göstərir. Çünki əvvəllər yeni neftayırma zavodunun tikintisinə 2018-ci ildə başlanılacağı deyilirdi, indi isə söhbət 2023-cü ildən gedir.
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2015-ci ilədək mövcud neft emalı kompleksinin inkişafı üzrə işləri başa çatdırmaq niyyətindədir. İndiyədək dizel yanacağının keyfiyyətinin yaxşılaşdırılması layihəsi guya başa çatıb. Hazırda bu yanacaq növü guya "Avro-2" standartlarına cavab verir. Amma dizellə işləyən avtomobillərin Bakı küçələrində necə tüstülədiyini yəqin ki, çoxları müşahidə edib. Demək ki, hələ keyfiyyətli yanacaqdan danışmaq tezdir...