ING neftin ucuzlaşmasının Azərbaycana təsirlərini açıqlayıb İqtisadiyyat

ING neftin ucuzlaşmasının Azərbaycana təsirlərini açıqlayıb

Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group” neftin ucuzlaşmasının MDB-nin enerji ixracatçıları olan Azərbaycan və Qazaxıstana təsirlərini açıqlayıb.

“APA-Economics” bu barədə ING-yə istinadən xəbər verir. Maliyyə qrupu qeyd edib ki, neft qiymətlərinin azalması Qazaxıstan və Azərbaycanı diqqət mərkəzinə gətirir. Bu ölkələrin hər ikisi ixrac gəlirlərinin (müvafiq olaraq 55% və 88%) və büdcə daxilolmalarının (22% və 52%) əhəmiyyətli hissəsini neft satışlarından əldə edir. Buna görə də neftin qiymətində hər 1 dollarlıq dəyişiklik ciddi əhəmiyyət daşıyır:

“Qiymətləndirmələrimizə görə, neftin illik orta qiymətində hər 1 dollarlıq dəyişiklik Qazaxıstan üçün illik ixrac gəlirlərində 550 milyon dollar, büdcə gəlirlərində isə 150 milyon dollar fərq yaradır. Azərbaycan üçün isə bu rəqəmlər ixrac gəlirləri üzrə 300 milyon dollar, büdcə gəlirləri üzrə isə 150 milyon dollardır”.
ING bildirib ki, son yenilənmiş proqnoza əsasən, 2025-ci il üçün neft qiymətləri gözləntiləri 5 dollar, 2026-cı il üçün isə 11 dollar aşağı salınıb. Bu, Qazaxıstanın cari hesab və büdcə kəsirlərini 2025-2026-cı illərdə ÜDM-nin 0,3-0,6 faiz bəndi qədər artıracaq. Azərbaycanın iqtisadiyyatına isə eyni dövrdə ÜDM-nin təxminən 2%-i həcmində mənfi təsir edə bilər.

“Qazaxıstanın çevik məzənnə siyasəti bu vəziyyətə uyğunlaşma imkanı verir, lakin Azərbaycan manatının dollara sabit bağlılığı ölkədə 2020-ci ildən bəri ilk dəfə cari hesab kəsirinin yaranmasına səbəb ola bilər. Buna baxmayaraq, Azərbaycanın iri fiskal ehtiyatları bu mənfi təsirləri müəyyən qədər yumşalda bilər”- ING əlavə edib.