Azərbaycanda sosial sığorta ödəmələri 12%-dən çox artıb İqtisadiyyat

Azərbaycanda sosial sığorta ödəmələri 12%-dən çox artıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələr 2 milyard 38 milyon manatdan çox olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,3 faiz və ya 223,5 milyon manata yaxın artıb.

Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz artaraq 1 milyard 357,2 milyon manatdan çox təşkil edib.

Məlumata görə, bu dövrdə işsizlikdən sığorta haqları üzrə ödəmələr 2024-cü ilin müvafiq dövrünə nisbətən 12,1 faiz artıb və 72,2 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,1 faiz artaraq 55,2 milyon manatdan çox təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə ödəmələr ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artıb və 355,7 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,5 faiz artaraq 251,1 milyon manatdan çox təşkil edib.