

2025-ci ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsindən ümumilikdə 98 milyon 4,5 min manat məbləğində vəsait fiziki və hüquqi şəxslərə geri qaytarılıb.
Bu barədə “APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, geri qaytarılan vəsaitin 2 milyon 922,3 min manatı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin payına düşür.
Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin 62 milyon 171,1 min manatı dövlət büdcəsindən geri ödənilib.
Həmçinin fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 9 milyon 63,5 min manatı dövlət büdcəsindən vətəndaşlara geri qaytarılıb.
Artıq ödənilmiş vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları üzrə isə yanvar-aprel ayları ərzində dövlət büdcəsindən geri qaytarılan vəsaitin məbləği 23 milyon 847,6 min manat təşkil edib.