Azərbaycan mobil internetin sürətinə görə 5 pillə geriləyib İqtisadiyyat

Azərbaycan mobil internetin sürətinə görə 5 pillə geriləyib

2025-ci ilin aprel ayında Azərbaycanda mobil internetin median sürəti 74,08 Mbit/s olub və nəticədə Azərbaycan 5 pillə geriləyərək 104 ölkə arasında 57-ci yerdə qərarlaşıb.

“APA-Economics” xəbər verir ki, bu barədə “Ookla”nın yayımladığı “Speedtest Global Index” hesabatında qeyd edilib.

Hesabata görə, ötən ay ­­ölkəmiz sabit genişzolaqlı internetin median sürətinə görə, 5 pillə irəliləyərək 155 ölkə arasında 86-cı yerdə qərarlaşıb.

Belə ki, apreldə Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 76,87 Mbit/s olub.

“Speedtest Global Index” hesabatında həmçinin dünya ölkələrinin paytaxt və əsas şəhərlərində olan internet sürətinə görə reytinq də açıqlayıb. Hesabatda deyilir ki, Bakıda mobil internetin median sürəti 90,57 Mbit/s olub. Bu isə mart ayına nisbətən 3 pillə geriləyərək 150 şəhər arasında 83-cü yerdə qərarlaşma deməkdir.

Qeyd edilən dövrdə sabit genişzolaqlı internetin median sürətinə görə isə Azərbaycan paytaxtı 1 pillə irəliləyərək 76,02 Mbit/s sürətlə 200 şəhər arasında 114-cü yerdə qərarlaşıb.