

Əlcəzairdə İslam İnkişaf Bankının ənənəvi illik toplantısının rəsmi açılış mərasimi keçirilib.
Məhdud sayda iştirakçının və mətbuat nümayəndəsinin buraxıldığı tədbirdə APA-nın Əlcəzairə ezam olunmuş əməkdaşı da iştirak edib.
Görüşdə toplantı iştirakçısı olan ölkələrin maliyyə və iqtisadiyyat nazirləri və nümayəndə heyətləri iştirak edib.
İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Cassir bildirib ki, Əlcəzairin artıq üçüncü dəfə bu konfransa ev sahibliyi etməsi bankla bu ölkə arasındakı sıx əməkdaşlıqdan xəbər verir:
"Bizim ölkəmiz indiyədək 2 dəfə bu tədbirə ev sahibliyi edir. İlk tədbir 1991-ci ildə keçirilib. Biz hesab edirik ki, ölkəmizlə bank arasındakı layihələrin səmərəli iclasında bu kimi tədbirlər son dərəcə mühüm rol oynayacaq. Əlcəzair təkcə bir ölkə deyil, müstəmləkədən azadlığa çıxmaq uğrunda minlərlə vətəndaşını qurban vermiş mübariz bir dövlətdir. Biz son dövrdə qlobal miqyasda müxtəlif layihələrin həyata keçirilməsinə milyonlarla dollar vəsait ayırmışıq. Bu gün dünya çox ciddi iqlim dəyişikliyi ilə mübarizə aparır. Bizim apardığımız işlər arasında iqlim maliyyəsinin təminatında iştirak etmək kimi sosial öhdəlik də var. Eyni zamanda bankımız sosial cəhətdən zəif olan dövlətlərdə xüsusilə ərzaq təhlükəsizliyi sahəsində müxtəlif layihələr həyata keçirir. Qlobal böhranların tüğyan etdiyi dərəcə mürəkkəb iqtisadi şəraitdə dünya iqtisadiyyatının qarşılaşdığı problemlər geosiyasi gərginliyin artmasına da rəvac verir. Nəticədə iqtisadi cəhətdən parçalanma daha da dərinləşir, belə olduqda isə iqlim dəyişikliyinin fəsadları özünü daha qabarıq formada biruzə verir. Bu və digər faktorlar qlobal iqtisadi artım səviyyəsini 2024-cü ildə 3,3, 2025-ci ildə isə 2,8 faiz həcmində dəyişikliyə məruz qalmasına səbəb olub. Asiya, Latın Amerikası və Avropada iqtisadi artımın zəiflədiyini, MENA ölkələrində isə bu göstəricinin 2023-cü ildə 5,8 faizdən 1,5 faizə düşüb.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi İbrahim Taha isə İslam İnkişaf Bankının uzun illər ərzində həyata keçirdiyi səmərəli layihələri davam etdirməli olduğunu deyib.
O həmçinin İslam İnkişaf Bankını və üzv dövlətləri Fələstinə dəstək verməyə çağırıb:
"Təkcə Fələstinə yox, İslam Konfransı Təşkilatına üzv ölkələrin hər birinin dəstəyə ehtiyacı var. Rəhbərlik etdiyim Təşkilatın Baş Katibliyi İslam İnkişaf Bankı ilə əməkdaşlığa böyük önəm verir. Biz istəyirik ki, tərəfdaşlığımız daha da geniş inkişaf etsin".
Daha sonra iştirakçılara İslam İnkişaf Bankının keçdiyi yolu əks etdirən videoçarx və Baş nazir Nadir Larbaouinin müraciəti göstərilib.
O İslam İnkişaf Bankının əsas məqsədinin müxtəlif sosial-iqtisadi layihələrin icrasındakı rolundan danışıb:
"Bu layihələrdən biri də bütövlükdə İslam dünyasının qlobal aləmə inteqrasiyasını təmin edəcək "Cənub - Cənub" layihəsidir. Bu layihə həm iştirakçılardan, həm də onun icrasında maraqlı olanlardan birgə iştirak tələb edir. Söhbət xüsusilə İslam dünyasının təhlükəsizliyini təmin edəcək infrastruktur layihələrindən gedir. Bu layihələr maraqlı ölkələrin iqtisadi cəhətdən dayanıqlığının təminatını da həyata keçirir".
Qeyd edək ki, tədbir 22 may tarixinədək davam edəcək.