

Dövlət paylı şirkətlər dividendlə bağlı büdcə proqnozunu icra edib, amma əlavə gəlir imkanları nəzərə alınmayıb.
“APA-Economics” xəbər verir ki, Hesablama Palatasının “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Rəyinə əsasən, 2024-cü ildə səhmlərində dövlətin payı olan müəssisələrdən büdcəyə 577,8 milyon manat dividend daxil olub.
Bu, proqnozu 19,5 milyon manat və ya 3,5% üstələyib.
Ən böyük ödənişlər Azərbaycan Beynəlxalq Bankından (169,4 milyon manat), ARDNŞ-dən (407,9 milyon manat) və Aqrarkredit QSC-dən (0,5 milyon manat) daxil olub.
Palata qeyd edir ki, “Azər-Türk Bank” 2023-cü ildə mənfəət əldə etsə də, 2024-cü ildə dividend ödəməyib. Həmçinin ARDNŞ-dən daxil olan dividendlərin uçotu düzgün aparılmayıb.
Qurum hesab edir ki, dividend gəlirlərinin artırılması üçün əlavə imkanlar var və bu sahədə potensial tam istifadə olunmayıb.