Maliyyə naziri: Azərbaycanda elmə ayrılan xərclərin ÜDM-ə nisbəti beynəlxalq rəqəmlərə çox yaxındır İqtisadiyyat

Maliyyə naziri: Azərbaycanda elmə ayrılan xərclərin ÜDM-ə nisbəti beynəlxalq rəqəmlərə çox yaxındır

Azərbaycanda elmə ayrılan xərclərin ÜDM-ə nisbəti beynəlxalq rəqəmlərə çox yaxındır.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, elm və təhsilə qoyulan vəsait ölkənin gələcəyi üçün çox əhəmiyyətlidir: "Elm və təhsilə kompleks baxılmalıdır. Elm xərcləri ayrıca rəqəm kimi baxanda çox kiçik görünür. Eyni zamanda təhsil xərcləri ÜDM-in 3,5%-i olub. Elm xərcləri ilə birlikdə bu, ÜDM-in 4 %-i həcmindədir. Bu, beynəlxalq rəqəmlərə çox yaxındır. Bizim təhsil xərcləri daxilində də kifayət qədər elmlə bağlı xərclər var. Eyni zamanda ümumi dövlət xidmətlərinin digər bölmələrində olan xərclərdə də elmlə bağlı xərclər yer alır. Universitetlər bölməsinə ayrılan xərclərin də bir hissəsi elmlə bağlıdır. Növbəti təkliflərimizdə müxtəlif bölmələrdə elmlə bağlı xərcləri birləşdirəcəyik ki, hökumətin elmə yanaşması ortaya çıxsın. Elm xərclərinin istifadə mexanizmləri də təqdim olunan nəticələrə əsaslanmalıdır”.