Türkiyəli nazir: "TPAO “Şəfəq-Asiman” qaz yatağında 30% pay alacaq İqtisadiyyat

Türkiyəli nazir: "TPAO “Şəfəq-Asiman” qaz yatağında 30% pay alacaq

“Türk Petrolları A.O” neft şirkəti (TPAO), Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən Şəfəq-Asiman təbii qaz yatağına 30 faiz payla ortaq olacaq”.

"APA-Economics" xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar Bakıda keçirilən 30-cu Xəzər Neft və Qaz Sərgisində jurnalistlərə açıqlamasında deyib.

Bayraktar Azərbaycan səfəri çərçivəsində Prezident İlham Əliyevlə səmərəli görüş keçirdiklərini və bu görüşdə enerji sahəsindəki əməkdaşlıqları müzakirə etdiklərini bildirib.

Nazir qeyd edib: “TPAO "Şəfəq-Asiman" təbii qaz yatağına ortaq olaraq daxil olur. İnşallah, bu sazişi burada imzalayacağıq. 30 faiz pay əldə etdik. Ortaqlarımız Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və British Petroleum-dur (BP). İnşallah, bu sahədə də hasilata başlayacağıq.”

“Xəzər dənizindəki işləri artıraraq davam etdirəcəyik”

Bayraktar Türkiyənin Azərbaycanla enerji sahəsində əməkdaşlığına da toxunaraq deyib: “TPAO-nun buradakı mövcudluğu və görünürlüğü bir qədər də artır. Başqa sahələrlə bağlı da danışırıq. Xüsusilə Xəzər dənizindəki işləri daha da genişləndirərək davam etdirəcəyik”.

Bayraktar əlavə edib ki, Türkiyə və Azərbaycanın enerji layihələri Avropanın enerji təchizatı təhlükəsizliyinə töhfə verir: “Avropaya əlavə və fərqli mənbələrdən qaz nəqli ilə bağlı layihələrdə yaxın dövrdə inşallah yeni inkişaflar olacaq”.

O, həmçinin Azərbaycanın bərpaolunan enerji mənbələrinə də sərmayə yatırdığını bildirərək deyib: “Qarşıdakı dövrdə Naxçıvanda bərpaolunan enerji istehsalı və onun Türkiyəyə, oradan isə Avropaya çatdırılması ilə bağlı layihələr inkişaf etdirəcəyik”.