

"Nəqliyyat əlaqələrinin daha da genişləndirilməsi və inkişafı təkcə bizim deyil, bütövlükdə regionun maraqlarına xidmət edir".
APA xəbər verir ki, bunu Azərbaycan - Özbəkistan Ekspert Şurasının ikinci iclasında "Özbəkistan - Timuelyara" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin birinci müavininin müşaviri Umedulla İbrahimov deyib.
Onun fikrincə, yeni əməkdaşlıq imkanlarının mövcudluğu və bu fürsətlərdən istifadənin vacibliyi Ekspert Şurasının ikinci iclasını zəruri edib:
"İki ölkə arasında əməkdaşlığın zəruri olduğu sahələrdən biri nəqliyyat sektorudur. Belə görüşlər bizə əməkdaşlığımızın yeni inkişaf tendensiyalarını daha yaxşı anlamağa imkan verir. Bu tendensiya və imkanlar təkcə Özbəkistan deyil, bütövlükdə Mərkəzi Asiya regionu üçün böyük fayda gətirəcək. Bu, ilk növbədə nəqliyyat və logistika sahələrinə aiddir. Azərbaycan və Özbəkistan arasında idxal - ixrac və nəqliyyat əməliyyatlarının artırılması əlqələrimizin, habelə, Mərkəzi Asiya regionunun inkişafında mühüm rol oynayır. Biz Özbəkistanda Azərbaycanla münasibətlərin inkişaf perspektivləri ilə bağlı aparılan tədqiqatın nəticələrinin bu ay ərzində elan olunacağını gözləyirik. Çünki orada əməkdaşlığın inkişafı üçün atılması zəruri olan addımlar tam şəkildə öz əksini tapacaq. Onu da deyim ki, 2024 - 2025-ci il ərzində "Orta dəhliz"in perspektivləri ilə bağlı birgə tədqiqatlar aparılıb və onun nəticələri ilə bağlı konfrans Daşkənd şəhərində keçirilib".