“Hədəf qeyri-neft ixracatının 4 milyard dollara qədər çatdırılmasıdır” İqtisadiyyat

“Hədəf qeyri-neft ixracatının 4 milyard dollara qədər çatdırılmasıdır”

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 206 milyon 682,37 min ABŞ dolları dəyərində 175 min 321,83 ton meyvə və tərəvəz ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 1,1 dəfə, həcmi isə 17,2 % artıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında meyvə-tərəvəzin payı 21,75 % təşkil edir.

Hazırda qeyri-neft ixracatı ilə bağlı vəziyyət nə yerdədir və bu istiqamətdə hansı addımlar atılmalıdır bu istiqamətdə millət vəkilləri, iqtisadçı ekspertlər fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüb.

“Qeyri-enerji məhsullarının payının artmasını müşahidə edirik”

Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, aqrar məhsullar Azərbaycanın qeyri-neft ixracında xüsusi paya malikdir: “Bu ilin 4 ayında Azərbyacanın qeyri-neft ixracatının artması müşahidə olunur. Nəzərə alsaq ki, Azərbaycan aqrar sektoru yaxından dəstəkləyən ölkələrdəndir, yalnız 2024-ci ildə fermerlərə yarım milyard manatdan artıq subsidiya verilib: “Burada da məqsəd həm istehsal, həm də ixracatın artmasına nail olmaqdan ibarətdir. O baxımdan istehsal və ixracatda artımlar həm də ölkəyə neftdənkənar sektordan daha çox valyutanın daxil olması anlamına gəlir. Əslində məqsəd həm də ixracatın diversifikasiyasına nail olmaq, qeyri-neft sektorunun ümumi ixracatda payını artırmaqdan ibarətdir”.

“Bu, zaman alan və mərhələli prosesdir”

Deputat əlavə edib ki, son rəqəmlər göstərir ki, mərhələli şəkildə biz qeyri-neft sektorunun payının ümumi ixracatda artmasını müşahidə edirik: “Təbii ki, bu zaman alan və mərhələli prosesdir. Yenə də Azərbaycan ixracatında enerji məhsullarının payı yüksək olaraq qalmaqdadır, amma təbii ki, biz mərhələli şəkildə qeyri-enerji məhsullarının payının artmasını müşahidə edirik ki, hədəf də məhz qeyri-neft ixracatının 4 milyard dollara qədər çatdırılmasıdır”.

“Azərbaycan məhsullarının xaricə ixracı imkanları daha da genişlənə bilər”

İqtisadçı ekspert Ruslan Atakişiyev qeyd edib ki, hazırda ölkəmizdə qeyri-neft sektorunda ixracın payının artırılması ilə bağlı bir sıra işlər görülür: “Bunlardan biri ixrac edən sahibkarlarla bağlı assosiasiyaların yaradılmasıdır. Onların problemləri araşdırılır və ixracının asanlaşdırılması ilə bağlı işlər görülür. Digər məsələ isə ölkədə, xüsusən qeyri-neft sektorunun inkişafı ilə bağlı olaraq müəssisələrin açılması üçün subsidiyalaşma, dövlət zəmanətli vəsaitlərin verilməsinin həcmi də artırılır”.

R.Atakişiyev bildirib ki, sahibkarara Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) vasitəsilə təlimlər keçirilir, ixracla bağlı məsləhətlər verilir, o cümlədən KOB klasterlər yaradılmağa başlayıb: “Bu da Azərbaycan mənşəli məhsulların istehsal edilməsi üçün klaster şirkətlərin qurulmasından ibarətdir ki, həmin klaster şirkətlər qurulduğu zaman Azərbaycan məhsullarının xaricə ixracı imkanları daha da genişlənə bilər”.

“Qeyri-neft sektorunda ixracın artırılması ilə bağlı işlər görülür”

Ekspert qeyd edib ki, beynəlxalq bazarların araşdırılması, xaricdə mövcud olan Azərbaycan nümayəndəlikləri vasitəsilə orada Azərbaycan məhsullarının tanıdılması, xaricdə keçirilən sərgilərə Azərbaycan sahibkarlarının bir hissəsinin dövlət hesabına göndərilməsi, o cümlədən xarici müəssisələrdə Azərbaycan gəlirlərinin biznes forumlarının keçirilməsi və s. bu kimi vasitələrlə ölkənin istehsal olunan məhsullarının ixracatının artırılması sırasında işlər aparılır: “Son dövrlər biz görürük ki, işğaldan azad olunmuş ərazilərdə də əkin-biçin, istehsal prosesi həyata keçirilir. Bu da Azərbaycan iqtisadiyyatının böyüməsi, ixrac qabiliyyətinin artmasına gətirib çıxara bilər”.

“Azad iqtisadi zonalar yaradılıb”

İqtisadçı ekspert Emin Qəribli deyib ki, qeyri-neft sektorunun inkişafına dair ayrı-ayrı sahələr üzrə müvafiq strategiyalar qəbul olunub: “Neft-kimya, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə onun inkişafına dair müvafiq dövlət proqramları qəbul olunub. Onunla paralel də azad iqtisadi zonalar yaradılıb ki, orada da görürük ki, hökumət preferensiyalar tətbiq edir. Yəni gömrük preferensiyaları, vergi güzəştləri və s. tətbiq edir. Bu isə öz növbəsində qeyri-neft sektorunun inkişafına xidmət edir”.

“Nəticə kifayət qədər yaxşıdır”

O əlavə edib ki, bu gün neft-kimya sahəsinin inkişaf etdiyini görürük: “İmkanlar kifayət qədər genişdir. İnanıram ki, bundan sonra preferensiyalar, güzəştlər daha da çoxalacaq və bu da qeyri-neft sektorunun inkişafına daha çox öz töhfəsini verəcək. Hesab edirəm ki, bu gün nəticə kifayət qədər yaxşıdır, lakin hər dövrə uyğun paradiqmalar yaranır. Biz görürük ki, hər il yeni-yeni çağırışlar var və hesab edirəm ki, hökumət də buna uyğun dəyişikliklər edərək qeyri-neft sektorunu inkişaf etdirəcək”.

Röya İsrafilova