

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bu ilin ilk yarısında investisiya portfelində qızılın payı 26%-i ötüb.
“APA-Economics”in əldə etdiyi məlumata görə, Fond ilin ikinci rübündə də qızıl alışını davam etdirib. Paralel olaraq, qlobal bazarlarda qızılın qiymətinin yüksək olması Fondun aktivlərində də onun payının yüksək olmasına təsir edib.
Qeyd edək ki, ARDNF-nin İnvestisiya siyasətinə əsasən yuxarı uzaqlaşma intervalı maksimum 4 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 25 faizə qədəri qızıla investisiya edilə bilər. Başqa sözlə, qiymət dəyişməsi fonunda qızılın portfeldə payı 29%-ə qədər arta bilər.
Xatırladaq ki, 2025-ci ilin birinci rübü ərzində Fondun qızıl portfeli artaraq 31 mart 2025-ci il tarixinə 165,3 ton təşkil edib. Fonddan verilən açıqlamada qızıl portfelinin maksimal həddə çatdırılacağı bildirilmişdi. Bu, qızılın uzunmüddətli dövrdə dəyərini qoruyub saxlayan etibarlı investisiya aləti hesab edilməklə yanaşı, inflyasiya riskinə qarşı effektiv müdafiə mexanizmi olan aktiv növü hesab olunması, geosiyasi gərginliklər və qlobal bazarlardakı qeyri-sabitlik fonunda qızıl ehtiyatlarının artırılması xarici valyuta ehtiyatlarının şaxələndirilməsi və risklərin azaldılması baxımından strateji əhəmiyyətə malik olması ilə əsaslandırılmışdı.