FS: Azərbaycan resurs iqtisadiyyatından uzaqlaşaraq uğurlu diversifikasiya həyata keçirib İqtisadiyyat

FS: Azərbaycan resurs iqtisadiyyatından uzaqlaşaraq uğurlu diversifikasiya həyata keçirib

"Fitch Solutions" (FS) Azərbaycanın iqtisadi artım proqnozunu sabit saxlayıb.

"APA-Economics" bu barədə FS-yə istinadən xəbər verir.

Məumata görə, "Fitch Group"a aid olan "Fitch Solutions" şirkəti bu ilin III rübü üzrə baxış zamanı Azərbaycanın iqtisadi artım proqnozunu cari il üzrə yenidən 2,6%, 2026-cı il üzrə isə 3,2% müəyyən edib. Lakin qeyd edilib ki, bu artım tempi, xüsusilə 2025-ci ildə neft və qaz sektoruna yüksək asılılıq fonunda (2025-ci ilin aprelinə ÜDM-in 39,4%-i) daha zəif olacaq. Belə ki, qlobal neft qiymətlərində gözlənilən 15%-lik illik azalma sektordan əldə olunan gəlirləri azaldacaq.

Bununla belə, FS bildirib ki, Azərbaycan təbii resurslara əsaslanan iqtisadi modeldən uzaqlaşaraq uğurlu diversifikasiya həyata keçirib: "Hazırda qeyri-neft sektoru ümumi iqtisadi fəaliyyətin 60%-dən çoxunu təşkil edir. İnvestisiyaların cəlb olunması üçün əsas hədəflər arasında mədən sənayesi (ÜDM-in 35,6%-i), tikinti (10,6%) və emal sənayesi (6,7%) yer alır".

Şirkətin hesabatında qeyd edilib ki, 2025-ci ilin I rübündə əsas kapitala yönələn investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 9% azalıb. Bu azalma, yanvar-aprel ayları arasında dünya neft qiymətlərindəki 21%-lik geriləmə ilə üst-üstə düşür ki, bu da sektorun iqtisadiyyat üçün həddindən artıq əhəmiyyətini göstərir. Digər amillərə isə 2024-cü ilin noyabrında Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə COP29 konfransı üçün aparılmış infrastruktur layihələrinin başa çatması daxildir.

"2025-ci ilin dövlət büdcəsində hərbi xərclərdən sosial xərclərə yönəlmə də kapital qoyuluşunu azaldan amillərdəndir. Bu baxımdan, kapital formalaşmasının iqtisadi artıma töhfəsinin 2024-cü ildəki 1,9 faiz bəndindən 2025-ci ildə 1,2 və 2026-cı ildə 1,1 faiz bəndinə enəcəyi gözlənilir. Əvəzində, özəl istehlak artımın əsas lokomotivinə çevrilir. Onun artıma töhfəsi 2024-cü ildə 2,1 faiz bəndi olduğu halda, 2025-ci ildə 2,4 və 2026-cı ildə 2,5 faiz bəndinə yüksələcək"- hesabatda əlavə edilib.