Dünya Bankı: Azərbaycan su ehtiyatlarından səmərəli istifadə üçün müəyyən addımlar atır İqtisadiyyat

Dünya Bankı: Azərbaycan su ehtiyatlarından səmərəli istifadə üçün müəyyən addımlar atır

Azərbaycanda su ehtiyatlarının böyük hissəsinin qonşu ölkələrdən asılı olması regional əməkdaşlığın zəruriliyini ön plana çıxarır.

“APA-Economics” xəbər verir ki, bunu "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə panel müzakirəsi zamanı Dünya Bankının Azərbaycan üzrə meneceri Ştefani Ştallmayater deyib.

O qeyd edib ki, iqlim dəyişikliyinin təsirləri regionda daha çox hiss olunduqca sərhədyanı sular üzrə əməkdaşlıq və hövzə əsaslı idarəetmə daha da əhəmiyyətli olur:

“Burada əsas məqam isə Azərbaycanın nə edə bilməsidir. Ən vacib məsələ mövcud su ehtiyatlarından daha səmərəli və məhsuldar istifadəni təmin etməkdir. Azərbaycan artıq bu istiqamətdə müəyyən addımlar atır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA), Kənd Təsərrüfatı Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi ilə həyata keçirilən tədbirlər arasında ilk növbədə suvarma sisteminin modernləşdirilməsi dayanır. Bu, mövcud suyun itkisiz istifadəsi baxımından olduqca mühümdür.

İkinci istiqamət isə iqlimə uyğun ağıllı kənd təsərrüfatıdır. Azərbaycan artıq bu sahədə müəyyən işlər görür, lakin vəziyyətin təcili xarakter daşıdığını nəzərə alaraq, daha çox tədbir görülməlidir. Məsələn, daha çox quraqlığa davamlı və ya duza davamlı bitki sortlarının tətbiqi bu problemlərin həllində həlledici rol oynaya bilər”.

Ştalmayster qlobal əməkdaşlıq da olduqca önəmli olduğunu vurğulayıb:

“Çünki bu toxumların və texnologiyaların hazırlanması prosesində biz beynəlxalq təcrübədən faydalana bilərik. Dünya Bankı və Asiya İnkişaf Bankı kimi qurumlar bu biliklərin mübadiləsində və tərəfdaşlıqların qurulmasında əhəmiyyətli dəstək göstərə bilər. Beləliklə, biz hər şeyi sıfırdan yenidən kəşf etməyə məcbur olmadan, mövcud təcrübələri tətbiq edə bilərik”.