
Payız özü ilə xəstəlikləri də gətirib
1 Oktyabr 23:47
Dünya bazarında qızılın qiyməti qalxmaqda davam edir. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 15,5 dollar artaraq 3888,7 dollar təşkil edib. Gümüş isə 0,53 dollar artaraq 47,17 dollara bərabər olub. Bahalaşmanın əsas səbəbi qlobal səviyyədə artmaqda olan geosiyasi gərginliklərdir. Bu isə investorlar arasında digər pul və investisiya alətlərinin qızıl yığımlarına transformasiyasına yeni stimumlar verməkdədir. Ehtimal olunur ki, qlobal səhmdarlar dünya səhm bazarındakı dəyişkənliklərə cavab olaraq, öz yığımlarını daha təhlükəsiz investisiya seçimlərinə, daha doğrusu, qızıla yönəldir. Artıq qlobal səhmdarlar, iri şirkətlər, suveren fondlar öz yığımlarını və aktivlərini dollar və avrodan çox, blokçeynlərə və qızıl portfelinə yerləşdirməyi faydalı hesab edirlər. Daha güclü ABŞ dolları və artan istiqraz faizləri ilin ilk yarısında qızıl üzərində təzyiq yaradır. Ümumdünya Qızıl Şurasının məlumatına görə, 2024-cü ildə dünya mərkəzi banklarının xalis qızıl alışı əvvəlki illə müqayisədə 40 faizdən çox artaraq 800 tona, 2025-ci ilin birinci yarısında isə 450 tona çatıb. Dünyada investisiya aləti kimi qızıla tələbat isə 5 min tonu ötüb.
ABŞ-ın maliyyə siyasəti ucuz dollar, bahalı qızıl və rəqəmsal valyuta investisiyasına əsaslanır. Çünki dolların ucuzlaşması istehsal və ixracı yüksəldir ki, bu da Amerikadan qlobal bazarlara daha çox mal və əmtəələrin çıxışına səbəb olur. Bu siyasət nəticə etibarilə iqtisadi aktivliyi və ixrac gəlirlərini yüksəldir. Dollar ucuzlaşanda isə qızıl və blokçeynlər bahalaşır. Trampın Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) təyin etdiyi yeni sədrin də məhz rəqəmsal aktivlər və qızıl investorlarına yaxın olması bazar konyukturalarında dalğalanmaları artırır. Dəyərli metalla yanaşı, “rəqəmsal qızıl” kimi tanınan “Bitcoin”in də qiyməti son aylarda kəskin şəkildə artır və investorların diqqətini cəlb edir. Analitiklər həm qızıl, həm də “Bitcoin”in illik artım faizinin davamlı olacağını proqnozlaşdırırlar.
Dünya bazarında qızılın qiymətinin yüksəlməsi Aazərbaycanda da onun bahalaşmasına səbəb olub. Qızılın qiyməti əyyarından asılı olaraq 150-210 manat arasında dəyişir ki, bu da son illərin ən yüksək bahalaşmasıdır. Azərbaycan özü qızıl istehsalçısı olsa da, yerli bazardakı qiymətlərə ciddi təsir göstərmir. Çünki yerli qızıl daxili bazarda aktiv rola malik deyil, ya ehtiyat yığım üçün kimi dövlətə satılır, ya da xaricə ixrac edilir. Yerli bazara hazır qızıl məmulatları kimi daxil olmadığından satış qiymətlərinə idxal qiymətləri birbaşa təsir göstərir.
Mərkəzi Bank, Dövlət Neft Fondu öz portfellərində qızıl investisiyalarına üstünlük verməkdədir. Neft Fondu 2025-ci ilin birinci yarısında 34,5 ton qızıl alaraq öz portfelini möhkəmləndirib. 2024-cü ilin sonunda 146,6 ton qızıl altportfelinə malik DNF-nin hazırda qızıl investisiyaları 181 tondan artıqdır. Fondun yeni investisiya siyasətinə əsasən, investisiya portfelinin məcmu dəyərinin 25 faizə qədəri qızıla investisiya edilə bilər. Mövcud ehtiyatlar təsdiqləyir ki, ölkəmizdə qızıl yığımına, qızıl investisiyalarına və bu metalın hasilat sənayesinə maraq böyüyür. Perspektivlər isə daha ümidvericidir, işğaldan azad edilmiş ərazilərdə qızıl ehtiyatları kifayət qədər böyükdür. Hazırda azad edilmiş ərazilərdə qızılçıxarma sənayesində yeni mərhələ başlayıb. Kəlbəcər, Zəngilan, Cəbrayıl, Ağdərə rayonlarındakı qızıl yataqlarının hasilatına xarici investorlar cəlb edilib. Bu isə azad ərazilərin zəngin metal resusrslarının tədarükü sayəsində Azərbaycanın qızıl ehtiyatlarının daha da artmasına səbəb olacaq.
“AzerGold” QSC-nin və onun törəmə şirkətləri- “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin 2024-cü ilin yekunlarına dair maliyyə hesabatları, beynəlxalq nüfuzlu müstəqil auditor şirkəti - “PricewaterhouseCoopers” tərəfindən aparılan maliyyə yoxlamaları nəticəsində müsbət auditor rəy verilən maliyyə hesabatlarına əsasən Səhmdar Cəmiyyətin və onun törəmə şirkətlərinin birgə maliyyə nəticələrində pozitiv tendensiyalar qeydə alınıb. Ötən ili də yüksək gəlir və mənfəətlə başa vuran Cəmiyyət bütün göstəricilər üzrə mövqeyini daha da möhkəmləndirib.
Ümumilikdə, 2023-cü illə müqayisədə satış gəlirləri 2024-cü ildə 35% artaraq 182.69 milyon ABŞ dolları səviyyəsinə yüksəlib. Hesabat ilində qiymətlilərin satış həcmi 9% artaraq, 70.5 min unsiya qızıl və 97.5 min unsiya gümüş təşkil edib. 2024-cü ildə istehsalat həcmi və satış gəlirlərinin artması nəticəsində “AzerGold” QSC və onun törəmə şirkətlərinin əməliyyat mənfəətini xarakterizə edən EBITDA göstəricisi 27.5% artaraq 89.88 milyon ABŞ dolları səviyyəsində qeydə alınıb. Nəticədə xalis mənfəət 2023-cü illə müqayisədə hesabat ilində 21.3% artaraq 33.02 milyon ABŞ dolları təşkil edib.
Səhmdar Cəmiyyətin 2024-cü il üzrə ümumi aktivlərinin dəyəri 488.35 milyon ABŞ dolları təşkil edib, bu əvvəlki ilin analoji göstəricisi ilə müqayisədə 4.3% artıma bərabərdir. Həmçinin “AzerGold” QSC və onun törəmə şirkətlərinin 2024-cü ildə xalis dövriyyə kapitalı 3.1% artaraq 105.22 milyon ABŞ dolları, ümumi kapitalı 26% artaraq 399.78 milyon ABŞ dolları təşkil edib. “AzerGold” QSC və onun törəmə şirklətlərinin 2024-cü il üzrə göstəriciləri dövlət şirkətinin və onun törəmə şirkətlərində yüksək maliyyə dayanıqlığının mövcudluğunu təsdiqləyir. 2024-cü il üzrə konsolidə edilmiş maliyyə nəticələri ilə ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.
Azərbaycanda son illər qeyri-neft sektorunda əsas ixrac məhsullarından biri qızıldır. Hansı ki, ixracda 2-ci yeri tutur. Son illər ölkədə bu sahədə xüsusi artım meyilləri müşahidə olunur. Həttar yaxın gələcəkdə qızıl və mis əsas potensial ixrac məhsuluna çevrilə bilər. Ölkədə əsas qızıl hasilatçısı olan “AzerGold” QSC 2022-ci ildə də hasilatı artırıb. “AzerGold” yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə fəaliyyətini uğurla davam etdirir.
Qarabağ faydalı qazıntılarla çox zəngindir. Burada 160-dan çox faydalı qazıntı yataqlarına, o cümlədən qızıl, gümüş, mis, əlvan metallar, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və s. rast gəlinirr. Bu yataqlar işğal dövründə ermənilər tərəfindən talan edilsə də, indi həmin təbii resurslar Azərbaycan dövləti tərəfindən istimar ediləcək. Ölkə sənayesini uzun illər təmin edə və iqtisadiyyatımızı möhkəmləndirmək üçün satışa çıxarıla bilən mineral-xammal bazamız var. Mütəxəssislərin təqribi hesablamalarına görə, ölkəmizin potensial mineral-xammal ehtiyatlarının (28 əsas faydalı qazıntı növü üzrə) ümumi dəyəri dünya bazarı qiymətləri ilə 35-40 mlrd. ABŞ dolları civarındadır. Kəşf olunmuş faydalı qazıntı yataqlarının yalnız 40%-i istismara cəlb olunub. “AzerGold” tərəfindən 2035-ci ilədək əlvan və qara metal yataqlarının səmərəli istismarı ilə ölkənin məcmu ÜDM-nə 21,9 milyard manat həcmində töhfənin verilməsi proqnozlaşdırılır.
Bunlarla yanaşı “AzerGold” QSC xarici əlaqələrini də genişləndirir. 2025-ci il sentyabrın 23-də Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (“AIIF 2025”) çərçivəsində “Daşkəsən Dəmir Filiz” (DDF) MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti arasında birgə müəssisə müqaviləsi imzalanıb. Sazişə əsasən, tərəflərin yaratdığı birgə müəssisə – “Azerbaijan Metal Company” MMC-nin idarə edilməsi və fəaliyyət istiqamətləri təsdiqlənib. Müqaviləni “AzerGold” QSC-nin törəmə şirkəti DDF MMC-nin Baş direktoru Ceyhun Əliyev və “Fonte Capital Ltd” investisiya şirkətinin Baş direktoru Yerjan Musin imzalayıb. Qeyd edək ki, adıçəkilən şirkət Qazaxıstanın geniş şaxələndirilmiş investisiya portfelinə malik “Fonte Capital Ltd” investisiya şirkətininin idarəetməsində olan müəsissələrdən biridir. Yeni təsis edilmiş birgə müəssisə illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (İBD) zavodunun maliyyələşdirilməsi, layihələndirilməsi, qurulması və istismarı ilə məşğul olacaq. Şəmkir rayonu ərazisində tikilməsi planlaşdırılan zavodun 2029-cu ilin əvvəlində istismara verilməsi, burada müasir, ekoloji cəhətdən təhlükəsiz texnologiyalardan istifadə olunması nəzərdə tutulub.
Dünya bazarında tarixən qızıl həmişə özünəməxsus yerə malik olub, bu gün də çox qiymətli əmtəədir. Son illər sənayedə İKT texnologiyalarının tədbiqi, elektrik avtomobillərinə keçidin sürətlənməsi nəticəsində mis də qiymətli metala çevrilib. Hətta XXI əsrdə onun nefti əvəz edə biləcəyi qədər əhəmiyyəti qeyd olunur. Azərbaycan da son illər bu sahəyə xüsusi diqqət yetirir. Ölkədə zəngin qızıl və mis yataqlarının olması və dövlətin xüsusi marağı isə bu sahənin perspektiv inkişaf imkanlarından xəbər verir.
Mahir Həmzəoğlu