

Qarşıdakı 2 il müddətində Şuşada küçə və yol şəbəkəsinin tamamilə yenidən qurulması planlaşdırılıb.
"APA-Economics”in Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.
O həmçinin qeyd edib ki, Şuşa ölkə ərazisində 100% elektriklə çalışan ictimai nəqliyyata sahib yeganə şəhərdir. Bu istiqamətdə işlər davam etdirilir.
A.Kərimov əlavə edib ki, şəhərdə müasir tipli mühəndis şəbəkəsi istifadə olunmaqla, bütün kommunikasiya xətlərinin qurulması da təmin ediləcək: "Artıq bu iş hissə-hissə həyata keçirilir. Proses müəyyən qədər vaxt tələb edir, çünki Şuşa şəhərində mövcud tarixi abidələr və digər infrastruktur elementləri işlərin gedişinə təsir edir. Tarixi əhəmiyyətindən danışsaq, Şuşa azərbaycanlılar üçün çox böyük rol oynayır, hər kəs üçün xüsusi şəhərdir. Burada tarixi və çox dəyərli abidələr mövcuddur. Biz bütün işlərimizi planlı və sistemli şəkildə, diqqətlə həyata keçiririk".