

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə texniki əməkdaşlıq proqramı çərçivəsində “Azərbaycanda nüvə və radioaktiv materialların monitorinq və ekspertizası üzrə milli laboratoriyanın imkanlarının genişləndirilməsi” adlı AZB1004 milli layihəsini həyata keçirir.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq İRİA-dan bildirilib.
Məlumata görə, layihə çərçivəsində AEBA tərəfindən İRİA strukturunda Nüvə Kriminalistikası Laboratoriyası qurulmaqdadır və bu istiqamətdə kadr hazırlığı həyata keçirilir.
Hazırda layihənin planına uyğun olaraq, İRİA-nın Nüvə Tədqiqatları Departamentinə radioloji sınaq və tədqiqat işləri zamanı real vaxt rejimində aşağı hündürlükdə havada radiasiyanın ölçülməsi və xəritələşdirilməsi üçün yüngül CsI detektorlu MS-100 qamma-spektrometri ilə təchiz olunmuş dronların göndərilməsi və təlimi nəzərdə tutulmuşdur.
İRİA-nın Nüvə Tədqiqatları Departamenti tərəfindən radioloji axtarış məqsədli dronların işğaldan azad olunmuş, minalardan və müharibənin partlamamış qalıqlarından tam təmizlənməmiş ərazilərdə nüvə və radiasiya təhlükəsizliyinin müəyyən edilməsi məqsədilə istifadəsi nəzərdə tutulmuşdur.
İRİA tərəfindən sözügedən avadanlığın tətbiqi işğaldan azad olunmuş ərazilərdə sahibsiz radioaktiv mənbələrin və radioaktiv tullantıların axtarışını sürətləndirəcək, innovativ rəqəmsal həllərin radioloji və radioekoloji tədqiqatlarda istifadəsinə imkan yaradacaq.
Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bu günə qədər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın “İşğaldan azad olunmuş ərazilərdə radioloji və radioekoloji tədqiqatların aparılması” bəndinin icrası çərçivəsində bu istiqamətdə mütəmadi olaraq tədqiqatlar aparır və əldə olunan nəticələr aidiyyəti dövlət qurumlarına təqdim olunur. Bu baxımdan, sözügedən dron avadanlığı həmin tədqiqatların daha geniş və operativ şəkildə həyata keçirilməsinə xidmət edəcək. Eyni zamanda, tədqiq edilməmiş ərazilərdə şəxsi heyətin təhlükəsizlik riskini azaltmaqla, radiasiya təhlükəsizliyinin sürətli və effektiv şəkildə qiymətləndirilməsinə imkan verəcək radioloji axtarış sistemi formalaşdıracaq.
Dronlar yüksək dəqiqlikli ZenMuse kamerası, Lidar sistemi, həmçinin MS-100 radiometriya modulu ilə təchiz olunmaqla, həm vizual, həm də radioloji məlumatların eyni vaxtda toplanmasına imkan verir. Bu, insan üçün riskli və çətin keçilən, xüsusilə minalardan tam təmizlənməmiş sahələrdə məsafədən radioloji vəziyyətin təhlükəsiz və operativ qiymətləndirilməsinə şərait yaradır.
Dron vasitəsilə toplanacaq məlumatlar ərazilərdə radiasiya fonunun xəritələndirilməsi, potensial çirklənmə zonalarının müəyyənləşdirilməsi, həmçinin radioekoloji vəziyyətin monitorinqi üçün istifadə ediləcək. Bu, həm ətraf mühitin qorunması, həm də regionda həyata keçiriləcək bərpa və yaşayış fəaliyyətlərinin radiasiya təhlükəsizliyi baxımından təmin olunması üçün mühüm əhəmiyyət daşıyır.
Dronların idarə olunması və məlumatların təhlili üzrə keçiriləcək təlim, müvafiq ixtisaslı mütəxəssislərimizin texniki bacarıqlarının artırılmasına, həmçinin ağıllı dron texnologiyalarının tətbiqi ilə radioloji monitorinq metodologiyasının beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edəcəkdir.
Beləliklə, bu təşəbbüs ölkəmizdə innovativ texnologiyaların radioekoloji təhlükəsizlik və radiasiya nəzarəti sahəsində tətbiqinin genişləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə dayanıqlı və təhlükəsiz ekosistemin bərpasına elmi-texnoloji dəstəyin təmin olunması baxımından strateji əhəmiyyətə malikdir.