11:52
630
"Rəqəmsal valyutalar və finteklər tənzimləmə çərçivəsində inkişaf etməlidir".
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov GFTN-Tbilisi Maliyyə Sammitində çıxışı zamanı rəqəmsal valyutalar, fintek sektorunun inkişafı və tənzimləyici yanaşmaların əhəmiyyəti barədə danışarkən deyib.
Onun sözlərinə görə, pərakəndə bank sektorunun tam rəqəmsallaşması hələ davam edən prosesdir və bu istiqamətdə innovasiya ilə tənzimləmə arasında balansın qorunması vacibdir: “Pərakəndə bank sektorunun rəqəmsallaşması müəyyən balans tələb edir. Yəni innovasiya ilə tənzimləmə bir-birini tamamlamalıdır".
Mərkəzi Bank rəhbəri qeyd edib ki, stabilkoinlər, rəqəmsal valyutalar və blokçeyn əsaslı həllər innovasiyaları və startapları təşviq edir, lakin bu inkişaf aydın və məsuliyyətli tənzimləmə çərçivəsində aparılmalıdır: “Biz tez-tez stabilkoinlər və rəqəmsal valyutalardan danışırıq. Bunlar innovasiyanı və fintekləri stimullaşdırır, amma biz həm də tənzimləyiciyik. İnkişaf ideyalarla deyil, məsuliyyətli qaydalarla idarə olunmalıdır.”
T. Kazımov deyib ki, məqsəd maliyyə texnologiyalarının qarşısını almaq deyil, əksinə, onların təhlükəsiz, dayanıqlı və sistemli inkişafını təmin etməkdir. O həmçinin əlavə edib ki, süni intellektin tətbiqi maliyyə sistemində innovasiyaları təşviq edir, lakin bu proses etik prinsiplər və dini baxımdan tənzimləyici çərçivələr daxilində həyata keçirilməlidir: “Süni intellekt bizə yeni imkanlar açır, lakin bu texnologiyanın tətbiqi məsuliyyət tələb edir. Biz maliyyə institutlarına yalnız texnoloji inkişaf deyil, həm də dəyərlərə əsaslanan idarəetmə yanaşmasını təklif edirik”.