Meruert Bayetova: Qazaxıstan AİB ilə evlərin icbari sığorta sistemini hazırlayır İqtisadiyyat

Meruert Bayetova: Qazaxıstan AİB ilə evlərin icbari sığorta sistemini hazırlayır

Qazaxıstan Asiya İnkişaf Bankı ilə evlərin icbari sığorta sistemini hazırlayır.

“APA-Economics” xəbər verir ki, bunu Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı üzrə Agentliyinin Sığorta Təşkilatlarının Təftiş Şöbəsinin müdiri Meruert Bayetova Türk Dövlətləri InsurTech Zirvəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu sistem xüsusilə təbii fəlakət risklərinin yüksək olduğu regionlarda tətbiq olunacaq. “Qazaxıstan müxtəlif təbii fəlakətlərə məruz qalan ölkədir. AİB ilə birgə hazırlanan bu sistem gələcəkdə həmin bölgələrdə əhalinin əmlakının qorunmasına və sığorta bazarının dərinləşməsinə xidmət edəcək”, – deyə M. Bayetova vurğulayıb.

O əlavə edib ki, rəqəmsal transformasiya sahəsində də mühüm addımlar atılıb. Qazaxıstanda sığorta müqavilələri onlayn qaydada bağlanır, zərər tənzimləməsi elektron formada aparılır və dövlət orqanlarının 38 məlumat bazası ilə inteqrasiya olunub. “Məqsəd sığortaya etimadı artırmaq, bazarda şəffaflığı gücləndirmək və əhalinin daha geniş hissəsini sığorta xidmətləri ilə əhatə etməkdir”, – deyə o əlavə edib.