Aksiz dərəcələrindən icbari tibbi sığorta fonduna ayırmalar dayandırılır İqtisadiyyat

Aksiz dərəcələrindən icbari tibbi sığorta fonduna ayırmalar dayandırılır

Gələn il yanvarın 1-dən aksiz dərəcələrindən icbari tibbi sığorta fonduna ayırmalar dayandırılır.

“APA-Economics” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə və “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Beləliklə, bununla əlaqədar Vergi Məcəlləsinin 191.5-ci və “Tibbi sığorta haqqında” qanunun 15-10.1.6-cı və 15-10.1.7-ci maddələrinin ləğvi təklif olunur.

Vergi Məcəlləsinin 191.5-ci maddəsinə görə, aksizli mallara tətbiq edilən aksiz dərəcələrinin “Tibbi sığorta haqqında” qanunla müyyən edilmiş hissəsi icbari tibbi sığorta fonduna ödənilir. “Tibbi sığorta haqqında” qanunun 15-10.1.6. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 0,02 manat, 15-10.1.7. maddəsinə görə isə, vergi ödəyiciləri tərəfindən araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı icbari sığorta fonduna yönəldilir.