15:26
784
Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisinin birinci mərhələsi Horadiz-Yuxarı Mərcanlı-Şükürbəyli-Soltanlı mənzillərini əhatə edir.
“APA-Economics” xəbər verir ki, bunu Zəngilan rayonunun Ağbənd qəsəbəsinə mediatur zamanı jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Tikinti Layihələrinin İdarə Olunması Departamentinin tikinti meneceri Cavad Əlövsətov deyib.
O bildirib ki, bu mərhələ üzrə işlərin böyük hissəsi tamamlanıb və hazırda dəmir yolu vasitəsilə Araz İqtisadi Sənaye Parkına yük daşınması həyata keçirilir:
“İkinci mərhələ Soltanlı–Qumlaq–Həkəri–Minçivan stansiyalarını əhatə edir. Bu mərhələ üzrə torpaq işləri və mühəndis qurğularının tikintisi davam etdirilir. Yolun relyefi və ərazinin hidrogeoloji xüsusiyyətləri nəzərə alınaraq, burada müxtəlif tipli körpülər və mühafizə edici bərkidici qurğular inşa olunub. Məhz bu mərhələdə Azerbaycanın ən uzun dəmir yolu körpüsü tikilib. Körpünün ümumi uzunluğu 771 metr, 23 aşırımlıdır”.
C.Əlövsətov üçüncü mərhələ üzrə də işlərin aktiv şəkildə davam etdirildiyini qeyd edib. Torpaq işləri və mühəndis qurğuları, o cümlədən 3 ədəd tunel və 1 ədəd qalereyanın tikintisi aparılır. Tunellərdə tikinti və istiqlas işlərinin 71%-i artıq tamamlanıb. Dəmir yolu xəttinin 99-cu kilometrində yerləşən qalereya sahəsində ərazi dik və qaya süxurlarından ibarət olduğuna görə, süxur qopmalarının dəmir yolu xəttinə düşmə riski mövcuddur. Bu səbəbdən, məhz bu hissədə qalereya inşa edilib. Qalereyanın uzunluğu 108 metr, konstruksiyası isə monolit dəmir-betondan ibarətdir.
C.Əlövsətov bildirib ki, Horadiz–Ağbənd dəmir yolu xəttinin ümumi uzunluğu 110,4 kilometr, yan yollarla birlikdə isə 140,6 kilometr təşkil edir. Hazırda 66 km uzunluğunda yolüstü konstruksiyaların quraşdırılması başa çatdırılıb. Ümumilikdə layihə üzrə fiziki işlərin icra səviyyəsi 68% təşkil edir.
“Layihənin yekun tamamlanma tarixi bir sıra texniki və təşkilati amillərdən asılıdır. Bu səbəbdən dəqiq tarix müəyyən edilməyib”, - deyə o əlavə edib.