13:40
679
“Azərbaycanda hər il təxminən 1 milyon hektara yaxın sahədə dənli və paxlalı bitkilər əkilir. Bu il dövlətə 3 milyon tondan artıq taxıl təhvil verilib. Bu, əvvəlki illərlə müqayisədə daha yüksək göstəricidir. Məhsuldarlıq orta hesabla 21–31,2 sentner olub. Hazırda payız səpini üçün torpaqlar hazırlanır və yaxın günlərdə səpin işlərinə başlanılacaq. Yenə də ötən ilki miqdarda səpin gözlənilir”.
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “xalqcebhesi.az”-a açıqlaması zamanı deyib.
Onun fikrincə, Azərbaycan ərzaqlıq buğda ehtiyacının 60–65 faizini özü təmin edir:
“Biz hazırda təxminən 1 milyon ton, bəzən bir qədər artıq taxılı idxal edirik. Ancaq məhsuldarlığı artırmaqla gələcəkdə daxili bazarımızı tam təmin edə, xaricdən taxıl idxalına ehtiyacı aradan qaldıra bilərik. Bunun üçün əsas vəzifə — taxılçılıqda müasir texnologiyaların tətbiqidir. Suvarma sistemlərində yeni üsulların istifadəsi, keyfiyyətli toxum sortlarının əldə olunması vacibdir. Əgər bu tədbirlər səmərəli həyata keçirilərsə, Azərbaycanda məhsuldarlığı 40–45 sentnerə çatdırmaq mümkündür”.
Deputat əlavə edib ki, məhsuldarlığın artımı həm insan əməyindən, həm də hava şəraitindən birbaşa asılıdır:
“Havaların əlverişsiz keçməsi bəzən istehsala təsir göstərsə də, ölkəmizdə ildən-ilə bu sahədə yeni təcrübələr öyrənilir, məhsuldar toxum sortlarının həm yetişdirilməsinə, həm də idxalına xüsusi diqqət artırılıb. Çörək ən qiymətli qida məhsuludur, ona görə də taxılçılığın inkişafına hər zaman dövlət səviyyəsində diqqət yetirilməlidir.”
Günel Elxan